Yuxarı

Astara sakinlərinə birbaşa kəndlərdə daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilib

Kampaniyada 90-a yaxın sakin öz əmlakına dair çıxarışları əldə ediblər

Astara. 14 oktyabr. REPORT.AZ/ Astara sakinlərinə birbaşa kəndlərdə daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilib. "Report"un Cənub bürosunun məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qeydiyyat xidmətlərini birbaşa ünvanlara çatdıran “Kütləvi çıxarış” kampaniyası bu gün Astarada olub.

Astara rayonunun bir neçə kəndini əhatə edən kampaniyada 90-a yaxın sakin öz əmlakına dair çıxarışı elə öz ünvanlarında komitənin mobil ofislərində əldə edib. 50-yə yaxın vətəndaşdan isə ilkin mülkiyyət sənədləri yeni çıxarışlarla əvəz olunması məqsədilə qəbul olunub. Təqdim edilən çıxarışlar sakinlərə məxsus pay torpağı, fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və digər daşınmaz əmlakları əhatə edib. Həmçinin vətəndaşlardan qəbul edilən ilkin mülkiyyət sənədlərinə isə torpaq sahələri və evlər barədə verilən aktlar, şəhadətnamələr, orderlər, qeydiyyat vəsiqələri, əmrlər və digər sənədlər aid olub. Belə sənədlər qəbul edildikdən sonra vətəndaşlara yeni çıxarışlar hazır olacağı müddət barədə bildiriş verilib. Komitənin mobil ofisləri bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşların evinə gedib və qeydiyyat xidmətləri birbaşa onların evlərindəcə göstərilib.

ƏMDK-nin nümayəndəsi Qulu Xəlilov bildirib ki, Komitənin bu ilin əvvəlindən start verdiyi təmənnasız hüquqi məsləhət xidməti kampaniya çərçivəsində Astara sakinlərinə də göstərilib: "Sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesində sənədləşdirmə ardıcıllığını bilməyən, hansı qurumlardan hansı sənədlərin alınması barədə məlumatsız olan vətəndaşların suallarını komitənin hüquqşünasları cavablandırıb. Onlara hüquqi izahlar verilməklə kampaniya iştirakçılarına aktiv hüquqi yardım göstərilib. Bu xidmət vətəndaşlarımızın əmlakını qeydiyyata aldırması, əmlakın alqı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Vətəndaşlar bu suallara cavab tapmaqla daşınmaz əmlakı ilə bağlı hər hansı hüquqi əməliyyat aparmazdan öncə artıq məlumatlanmış olub. Qeyd edək ki, hüquqi məsləhət xidmətləri gündəlik olaraqDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində də göstərilir. Xidmətdən faydalanmaq istəyən vətəndaşlar ərazi idarələrinə müraciət edə bilər. Kampaniyanın əsas cəhəti əhaliyə operativ şəkildə daşınmaz əmlakın qeydiyyatı xidmətlərini təqdim etməklə məmnunluğun və xidmətlərdə vətəndaş amilinin artırılmasıdır."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi