Bakı. 24 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb.
Bu barədə “Report”a Komitədən məlumat verilib.
Məlumata görə, Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın əmri ilə yaradılan Apellyasiya Şurasının tərkibi və katibliyi təsdiq edilib. Komitənin sədr müavini xanım Sədaqət Qəhrəmanova Şuranın sədri, Komitə aparatının şöbə müdirlərindən ibarət 8 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Eyni zamanda, Şuranın Katibliyinin tərkibi təsdiq edilib.
Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilən təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Qeyd edək ki, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 03 fevral tarixli fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı göstəriş verilib və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə təsdiq edilib.