Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin siyasət şöbəsinin müdiri Fatma Abdullazadə açıb. O, Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu səsləndirib.
Komitə sədri Hicran Hüseynova Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif edilən qadınlara orden və medallar təqdim edib.
Hicran Hüseynova bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə gender bərabərliyini həyata keçirmək üçün tədbirlər həyata keçirir: "Müsəlman Şərqində ilk dəfə Azərbaycan qadınına seçmək və seçilmək hüququ verilib. Hazırda da Azərbaycan qadınları sosial aktivliyini qoruyub-saxlayır".
Komitə sədri qeyd edib ki, ötən il keçirilmiş parlament seçkilərində qadınlar çox aktiv iştirak edib: "Biz çalışmalıyıq ki, qadınlarımızın parlamentdə təmsilçiliyi daha da artsın".
















