Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Əlil Ziyalılar İctimai Birliyində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ahıl yaşlı tənha və aztəminatlı görmə imkanları məhdud insanların sosial adaptasiyası” layihəsi həyata keçirilir.
“Report”un xəbərinə görə, layihə çərçivəsinidə görmə imkanları məhdud şəxslərin nəqliyyat və şəhər infrastrukturundan istifadə zamanı rastlaşdıqları və sərbəst hərəkətlərinə mane olan maneələri əks etdirən “Bizə zəruri - sizə sərfəli” adlı sosial çarx çəkilib.
Sosial çarxda təqaüdünü almaq üçün evdən çıxmağa hazırlaşan, şəhər və nəqliyyat infrastrukturunda onu gözləyən maneələri göz önünə gətirərək onlardan qorxub məyyus olan və psixoloji gərginlik içində fikrindən daşınan göz işığını itirmiş bir gəncin düşdüyü vəziyyət əks olunur.
Layihə çərçivəsində ahıl yaşlı tənha görmə imkanlara məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə “Ahıllara Xidmət Mərkəzi” yaradılıb. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə fəaliyyət göstərən Mərkəz ahıl və tənha görmə imkanları məhdud şəxslərə hüquqi, tibbi və sosial problemlərinin həlli istiqamətində fəal iş aparır. Tənha görmə imkanları məhdud şəxslərin reabilitasiya mərkəzlərinə yerləşdirilməsi, onların səhhətində yaranmış problemlərin aradan qaldırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili sahəsində rastlaşdıqları problemlərin aradan qaldırılması məqsədilə Mərkəz dövlət qurumları ilə əməkdaşlıq edərək onların problemlərinin həllinə dəstək olur.
Mərkəz vasitəsilə görmə imkanları məhdud ahıl və tənha şəxslərə CD pleyerlər və səsli formatda bədii ədəbiyyat və mətbuat materialları paylanıb.
Hazırda layihə tamamlanmaq üzrədir.