Yuxarı

Ağdamlılardan Bəxtiyar Əliyevə böyük dəstək: "Bizim başqa deputata ehtiyacımız yoxdur" - FOTO

Bəxtiyar Əliyev deputat olduğu dövrdə ağdamlıları başqalarının yanında utandıran, başını ağaşı edən hərəkətə yol verməyib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Milli Məclisinə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.

"Report" xəbər verir ki, B.Əliyev Bərdə rayonunda məskunlaşan ağdamlı seçicilərlə görüşüb.

Seçicilərin böyük fəallıq və maraq göstərdikləri görüş yenə də möhtəşəm alınıb. B.Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan layihələr, sosial-iqtisadi inkişaf, insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə geniş danışıb. B.Əliyev deyib ki, dünyada iqtisadi böhran olmasına və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycan sürətlə inkişaf edir və insanların yaşayış səviyyəsi ildən-ilə yüksəlir.

O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından, ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli daimi dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik problemləri həll olunub.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, həmişə seçiciləri ilə bir yerdə olub: "Biz Bəxtiyar Əliyevin necə fəaliyyət göstərdiyindən və gördüyü işlərdən yaxşı xəbərdarıq. Bəxtiyar Əliyev seçicilərilə mütəmadi görüşlər keçirir, ağdamlılara hesabat verir. Həm də mətbuat vasitəsilə deputatımızın fəaliyyətini izləyirik. Bəxtiyar müəllimi nümunəvi deputat sayırıq. O, deputat olduğu dövrdə ağdamlıları başqalarının yanında utandıran, başını ağaşı edən hərəkətə yol verməyib və biz əminik ki, bundan sonra da verməyəcək. Belə bir deputatımızın olması ilə fəxr edirik. Bizim başqa deputata ehtiyacımız yoxdur".

Ağdamlılar noyabrın 1-də deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda B.Əliyev seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış ağdamlılarla görüşüb.

Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi