Ağacdan yıxılıb əlil olan qızın - HƏYAT HEKAYƏTİ

Ağacdan yıxılıb əlil olan qızın - HƏYAT HEKAYƏTİ “Əlil olduğumu biləndə dünyam qaraldı”
Sosial müdafiə
3 Dekabr , 2016 15:38
Ağacdan yıxılıb əlil olan qızın - HƏYAT HEKAYƏTİ

Bakı. 3 dekabr. REPORT.AZ/ Yəqin ki, aranızda ömründə bir dəfə də olsun meyvə yığmaq üçün ağaca çıxanlar var. Bu proses belə baş verir: ağaca çıxırsan, meyvəni yığırsan və aşağı düşürsən. Qəhrəmanımız isə meyvə yığmaq üçün ağaca çıxdığına görə həyatının ən böyük peşmançılığını yaşayır...

“Report” 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə Ramana qəsəbəsindəki 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə öyrənən şəxsin həyat hekayətini təqdim edir.

Ramana qəsəbəsində yerləşən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Peşə Reabilitasiya Mərkəzində olarkən ümüdini itirmədən həyata tutunan çox sayda insan gördüm. Sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq həyatdan var gücləri ilə tutunan bu şəxslər yeni peşələr öyrənir, sənətlə məşğul olur, öz işlərini təkminləşdirirlər. Onların hər biri Azərbaycanın fərqli yerlərindən gəliblər, hər birinin fərqli həyat tarixçəsi var.

20 illik sağlam ömür

Yazımın qəhramanı bura Siyəzən rayonundan gəlib. Birinci qrup əlil olan 32 yaşlı Solmaz Səfərova iki aydır Peşə Reabilitasiya Mərkəzindədir. Siyəzəndə doğulub-böyüyüb, orada orta məktəbi bitirib. Ailədə yeddi uşaqdırlar: altı qız, bir oğlan.

Qəhrəmanımız evin sonbeşiyidir, hazırda ailənin yeganə subayı da S.Səfərovadır. Onun atası dünyasını dəyişib, Bakıya gələnə qədər anası ilə birgə yaşayır. “Atam olmadığı üçün anamdan atamın nəfəsini alıram” - deyir müsahibimiz. O, hər yerə anası ilə gedir, hər zaman anası onun yanında olur.

Ağacın budağı sındı və yerə düşdüm...”

“İyirmi yaşıma qədər hamı kimi normal həyat sürürdüm. Həyatım bir anda dəyişdi, tut yığmaq üçün çıxdığım ağacdan yıxıldım. Ayağım sürüşdü, ağacın budağı sındı və yerə düşdüm... Mənə “Fəqərələrin sıxılması” diaqnozu qoydular, bu isə ayaqların hərəkətinin məhdudlaşması demək idi. Əlil olduğumu biləndə dünyam qaraldı...” - deyir qəhrəmanımız.

Nə qədər kədərli, faciəvi bir hadisə yaşadığını, ömrünün son 12 ilində nələr baş verdiyini anlamaq üçün qəhrəmanın gözlərindəki yaşa baxmaq kifayət idi...

Bir anda dəyişən gələcək

S.Səfərova travma alandan sonra müxtəlif həkimlər onu mülaicə edib. Hətta iki dəfə əməliyyat olunub. Əməliyyatlardan biri Azərbaycanda, digəri isə Ukraynada baş tutub. 

“Elə həkim var ki, yenidən sağalma ehtimalımın olduğunu deyir, amma bəziləri ümidsiz danışır” - deyir qəhrəmanım. Amma o, üzülmür, bu gününə də şükür edir: “Əvvəllər yataqdan qalxa bilmirdim, kiminsə köməyinə ehtiyacım var idi. İndi isə tək öz işlərimi görə bilirəm”.

Peşə Reabilitasiya Mərkəzinə gələn yol

Solmaz iki aydır qaldığı Peşə Reabilitasiya Mərkəzində tək yaşamağı öyrənib: “Bu mərkəzə gələndən tək qalıram, Mərkəzin və işçilərinin bizə çox köməyi olub. Burada tək sərbəst hərəkət edirəm, hər işimi özüm görürəm. Buraya gələndən həyata baxışım dəyişib”.

O, Mərkəzə gəlməzdən əvvəl idmanın “disk atma” növü ilə məşğul olub. Burada isə idmanla yanaşı toxuculuq kursuna da gedir. Kursun müddəti altı aydır, hələ dörd ay da burada yaşayaraq xalçaçılıq sənətini peşəkər öyrənmək istəyir. Artıq Mərkəzin keçirdiyi sərgilərdə öz işləri ilə qatılıb.

Gələcək planlar

Qəhrəmanımız travma almazdan əvvəl saç ustası olmaq arzusunda imiş. Bunun üçün kursa gedirmiş. Bu peşəni çox sevirəm deyir müsahibimiz. Amma sevdiyi sənəti öyrənmək qismət olmayıb.

İndi isə Mərkəzdə öyrəndiyi xalçaçılıq sənəti ilə məşğul olmaq arzusundadır: “Mənim ailəm xalçaçılıqla məşğul olub, bacılarım xalça toxuyub. Uşaqlıqdan marağım olub bu peşəyə, mən istəyirəm daha yaxşı, professional toxumağı öyrənim. Balaca olanda sadəcə mənə ilmə vurmağa icazə verirdilər. Çünki xalçada hər şey düzgün olmalıdır, mən nəsə səhv edə bilərdim. İndi isə bu peşəni peşəkər öyrənmək istəyirəm”.

Hələ ki, ailə qurmaq fikri yoxdur. O, sənət öyrənmək və sosiallaşmaq istiqamətində uğurla addımlayır. “Mən üzülmürəm, ümidimi də itirmirəm, Allaha bu günüm üçün şükür edirəm”.

Son xəbərlər

Orphus sistemi