Yuxarı
    Bağlamaq

    ​ABŞ-da ən təhlükəli peşələr müəyyənləşib - REYTİNQ

    Siyahıda ağac kəsmə peşəsi liderlik edir

    Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-da ən təhlükəli peşə ağac kəsmək peşəsidir. “Report” xəbər verir ki, bu barədə “CNN Money” məlumat yayıb.

    ABŞ-ın Əmək Statistikası Bürosu ən təhlükəli 10 peşənin siyahısını müəyyən edib. Qurum bu siyahını 2013-cü ildə həmin peşələrdə çalışan hər 100 min nəfərə düşən ölüm hallarının sayına görə müəyyənləşdirib.

    Siyahıda ağac kəsmə peşəsi liderlik edir. Orta illik əmək haqqı 33 630 dollar olan bu peşədə çalışanların 2013-cü ildə hər 100 min nəfərindən 91,3-ü iş prosesində dünyasını dəyişib. Ondan öncəki il isə bu rəqəm orta hesabla hər 100 min nəfərə 128 işçi olub.

    Balıqçılar ikinci ən təhlükəli peşə sahibləri hesab edilir və onların orta əmək haqqı 33 430 dollardır. Ötən ilin statistikasına görə, hər 100 min balıqçıdan 75-i həyatını itirib ki, bu da 2012-ci ilin göstəricisinə nisbətən 36% çoxdur.

    Bu siyahıda ilk üçlüyü tamamlayan təyyarə pilotlarıdır. Orta əmək haqqı 98 410 dollar olan bu peşədə 2013-cü ilin statistikasına görə hər 100 min nəfərdən 51-i dünyasını dəyişib. Həlak olanların əksəriyyəti isə Alyaskaya uçuşlar reallaşdıran “Andrew Airways” şirkətinin pilotlarıdır.

    ABŞ-da dördüncü ən təhlükəli peşə sahibləri dam ustalarıdır ki, onların orta əmək haqqı 35 920 dollardır. Ötən ilin statistikasına görə, hər 100 min dam ustasından 38,7-si damdan yıxılaraq, yaxud başına ağır kirəmit düşərək və ya elektrik cərəyanı vurması nəticəsində ölüb. Rəsmi rəqəmlərə əsasən, dam ustalarının ölümü ilə bağlı ən nəzərəçarpan rəqəmlər 2007-ci ildə olub və bu göstərici 2012-ci ildə ən aşağı həddə düşüb.

    Ən təhlükəli peşələr siyahısında 5-ci yeri sanitar təmizlik sahəsində çalışan şəxslərin işləri sayılır. Ötən ilin statistik göstəricisinə görə, hər 100 min sanitar, təmizlik işçisindən 33-ü dünyasını dəyişib və bu, 2012-ci ilin göstəricisindən 22% çoxdur. ABŞ-da polis və yanğınsöndürənlərdən daha təhlükəli peşə sahibləri hesab edilən təmizlik işçilərinin orta əmək haqqı 22 970 dollardır.

    Siyahıda sonrakı yerləri mədən operatorları (orta illik əmək haqqı - 49 870 dollar, ölənlərin sayı - 26,9 nəfər), yük maşınlarının sürücüləri (27 530 dollar, 22 nəfər), fermerlər (69 300 dollar, 21,8 nəfər), elektrik xətlərinə xidmət göstərənlər (58 210 dollar, 21,5 nəfər) və inşaat işçiləri (29 160 dollar, 17,7 nəfər) hesab olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi