Yuxarı

​370 nəfərə yaxın əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb olunub

Ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə ötən il bu təbəqədən olan 367 nəfər şəxsi peşə hazırlığına cəlb edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Həmin şəxslərdən 272 nəfəri ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) dərzi, toxucu, xalçaçı, aşbaz, kompüter istifadəçisi, bərbər və s. peşələr üzrə təlim keçiblər. Mərkəzdə peşə təlimində olduqları müddətdə onlar eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin ediliblər.

Qalan 95 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan gözdən əlilliyi olan 60 nəfər şəxs üçün brayl sistemi üzrə xüsusi peşə təlimi kursları təşkil olunub. Peşə reabilitasiyasına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər aparılıb.

Xatırladaq ki, ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi