Yuxarı

35 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olublar

Milli Qəhrəman Mədət Quliyev xidmətə yeni qəbul edilmiş əməkdaşları təbrik edib

Bakı. 17 fevral. REPORT.AZ/ 35 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.

"Report"un verdiyi xəbərə görə, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşlarla görüşüb.

M.Quliyev, xidmətə qəbul edilən gəncləri Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından təbrik edərək, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Xidmətin xüsusiyyətlərini, ədliyyə işçilərinin peşə məsuliyyətini qeyd edən nazir müavini eyni zamanda gənclərə müraciət edərək vuruğulayıb ki, bu gün dövlətimizin sükanı arxasında dayanan Prezidentimiz İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun sadiq və layiqli davamçısı olmaqla ölkəmizin yüksək iqtisadi, siyasi və sosial inkişafına, Respublikamızın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə və regionumuzun aparıcı dövlətinə çevrilməsinə nail olub.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyi ilə ətraflı tanış olublar.

Qədim zamanlarda və orta əsrlərdə həyata keçirilən cəza növlərini əks etdirən maketlər, sovet dövründə və ondan əvvəl Azərbaycanın müxtəlif bölgələrində yerləşən həbsxanaların qalıqlarına dair fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dövründə ədliyyə sisteminə dair sənədlər, sovet hakimiyyəti illərində cəzaçəkmə sisteminə aid olan materiallar muzeyi ziyarət edənlərin böyük marağına səbəb olub.

Muzeyin Heydər Əliyev guşəsində isə gənc əməkdaşlar Ümummilli Liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin xidmətin müasir dövrdəki fəaliyyətinə aid eksponatlarla tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi