Vitali Kliçko: "Bakıdan öyrənə biləcəyimiz çox şey var" - ƏLAVƏ OLUNUB

Vitali Kliçko: "Bakıdan öyrənə biləcəyimiz çox şey var" - ƏLAVƏ OLUNUB "Paytaxtlarımız arasında əməkdaşlıqda mövcud olan potensialın tam istifadə edilmədiyindən əminəm"
Xarici siyasət
13 Aprel , 2017 13:13
Vitali Kliçko: Bakıdan öyrənə biləcəyimiz çox şey var - ƏLAVƏ OLUNUB

Bakı. 13 aprel. REPORT.AZ/ "Bakıdan öyrənə biləcəyimiz, beynəlxalq tədbirlərin keçirilməsi baxımından əldə edilmiş müsbət təcrübədən istifadə etmək üçün çox şey var".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün baş tutan görüşü şərh edən V.Kliçko Kiyev və Bakı arasındakı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib.

"Biznes əlaqələrini - Bakıda Ukrayna mağazalarının açılışını və Ukraynanın enerji bazarında liderlərdən biri olan SOCAR yanacaqdoldurma şəbəkəsinin inkişafını müzakirə etdik. İstiqamətlər barədə müzakirələr apardıq. Səylərimizi birləşdirməli olduğumuz əsas problemləri müəyyənləşdirdik", - o deyib.

"Bu əlaqələrinin daha sıx olması çox vacibdir", - Kliçko vurğulayıb. O, biznes, mədəni əlaqələrin, idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

O, Bakının bundan əvvəl "Eurovision" mahnı müsabiqəsi kimi yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etdiyini xatırladıb və bu təcrübənin Kiyev üçün faydalı ola biləcəyini qeyd edib.

Kiyev meri Bakıda keçirilən Şopinq festivalını şərh edərkən belə tədbirlərin insanlara daha geniş imkanlar verəcəyini bildirib: "Bu, şəhərin, o cümlədən turizm potensialının inkişafına təkan olacaq".

Həmçinin Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovu may ayında "Eurovision-2017" mahnı müsabiqəsinin keçiriləcəyi Kiyev şəhərini ziyarət etməyə dəvət edib.

"Paytaxtlarımız arasında əməkdaşlıqda mövcud olan potensialın tam istifadə edilmədiyindən əminəm. Biz başlanğıc nöqtələrdəyik, əməkdaşlığımızı həm biznesdə, həm mədəniyyətdə, həm idmanda reallaşdırmaq lazımdır. Vəzifəmiz bu potensialı reallaşdırmaqdır", - Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi