Venesuela səfirliyi: Prezident Maduro dövlətin qanuni rəhbəridir

Venesuela səfirliyi: Prezident Maduro dövlətin qanuni rəhbəridir Bakı. 8 fevral. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro xalq tərəfindən seçilib və dövlətin qanuni rəhbəridir.
Xarici siyasət
8 Fevral , 2019 16:11

Bakı. 8 fevral. REPORT.AZ/ "Venesuela Prezidenti Nikolas Maduro xalq tərəfindən seçilib və dövlətin qanuni rəhbəridir".

Bunu "Report"a Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ölkəsindəki vəziyyəti şərh edərkən deyib.

"Dövlətin suverenliyi xalqın əlindədir. ABŞ rəsmən Venesuelada dövlət çevrilişi etmək niyyətini açıqlayıb, onlar Venesuelada qeyri-qanuni rejim yaratmaq istəyirlər. Bu, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. ABŞ dünyanın sahibi deyil", - deyə o bildirib.

Diplomat qeyd edib ki, Venesuela Konstitusiyası bütün dünya üçün nümunədir: "Orada Venesuelada prezident seçkilərinin nə vaxt və hansı qaydada keçirilməli olduğu (Venesuelada prezident 6 illik müddətə seçilir - red.) aydın yazılıb. Ölkədə qarşıdan gələn seçkilər Milli Assambleyaya deputatların seçimidir".

O vurğulayıb ki, Venesuela müxalifətinin lideri Xuan Quaidonun referendum elan etmək səlahiyyətləri yoxdur: "O, xalqı və beynəlxalq ictimaiyyəti aldadaraq 30 gün ərzində növbədənkənar prezident seçkiləri keçirə biləcəyini açıqlayıb. Amma Konstitusiyamıza görə, Milli Assambleyanın sədri belə hüquqa malik deyil. Yalnız xalq referendum keçirilməsini tələb edə bilər".

Son xəbərlər

Orphus sistemi