V Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi qəbul edilib

V Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi qəbul edilib Bəyannamədə forum iştirakçıları kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu qətiyyətlə pisləyiblər
Xarici siyasət
30 Sentyabr , 2016 16:26
V Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi qəbul edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan paytaxtında sentyabrın 29-30-da keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun yekun bəyannaməsi qəbul edilib.

"Report" xəbər verir ki, bəyannamədə forum iştirakçıları kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bununla əlaqədar humanitar böhranları, insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyirlər.

Bununla yanaşı, forum iştirakçıları mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətlərinin və imkanlarının nəzərə alınmaması hallarının olduğunu qeyd ediblər.

"V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğuna və heç şübhəsiz, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan edirik", - bəyannamədə deyilir.

Forum iştirakçıları vurğulayıblar ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikulturalizm nəzərriyəsi və təcrübəsinin inkişafına mühüm töhfə verir.

"Azərbaycanda bütövlükdə insan kapitalının qorunması və artırılması işində, eləcə də əhalinin qaçqınlar və məcburi köçkünlər kimi həssas qrupundan bu amilin davamlı inkişaf məqsədilə səmərəli istifadəsində yüksək nəticələr əldə olunduğunu ifadə edirik" - bəyannamədə bildirilir.

Bütün bunlarla yanaşı, bəyannamədə bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyi qeyd edilir. 

"Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk" - sənəddə vurğulanır. 

Son xəbərlər

Orphus sistemi