Ukraynanın gənclər və idman naziri: "Ölkələrimizin gələcəyini gənclər müəyyənləşdirməlidir" - MÜSAHİBƏ

Ukraynanın gənclər və idman naziri: "Ölkələrimizin gələcəyini gənclər müəyyənləşdirməlidir" - MÜSAHİBƏ Ukrayna gənclər və idman naziri İqor Jdanovun "Report" İnformasiya Agentliyinə müsahibəsi
Xarici siyasət
23 Noyabr , 2018 17:19
Ukraynanın gənclər və idman naziri: Ölkələrimizin gələcəyini gənclər müəyyənləşdirməlidir - MÜSAHİBƏ

Kiyev. 23 noyabr. REPORT.AZ/ Ukrayna gənclər və idman naziri İqor Jdanov "Report" İnformasiya Agentliyinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Bu gün Azərbaycanla Ukrayna arasında gənclərlə bağlı hansı layihələr həyata keçirilir?

- Azərbaycan Respublikası ilə aramızda hələ 2001 ildə gənclər və idman sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bunun hərtərəfli inkişafı üçün çalışırıq, hər iki ildən bir əməkdaşlıq proqramları təsdiq olunur. Bu yaxınlarda əməkdaşlığın gələcək yollarına dair fikirlərimizi Azərbaycan tərəfinə çatdırmışıq, cavab gözləyirik. Əməkdaşlıq deyəndə gənclər təşkilatları arasında müxtəlif tədbirlər, dəyirmi masalar, konfranslar, habelə Ukraynada azərbaycanlı milli cəmiyyətlərilə qarşılıqlı fəaliyyətlər nəzərdə tutulur. Hər halda, gənclər və idman sahəsində əməkdaşlığımız pis getmir, amma daha da inkişaf etdirilməlidir.

- Sizcə, yeni Ukraynanın ictimai siyasi həyatında azərbaycanlı gənclər nə qədər fəaldır?

- Əvvəla, Ukrayna vətəndaşı olan azərbaycanlılarla ölkəyə iş dalınca, yaxud başqa səbəblərdən gələn və yerli vətəndaş olmayan azərbaycanlıları fərqləndirmək lazımdır. Bizdə azərbaycanlıların mənafeyini müdafiə edən bir sıra təşkilatlar yaradılıb. Oradan bir çoxlarını uzun illərdir tanıyıram, Taras Şevçenko adına Kiyev Universitetində tələbə yoldaşı olmuşuq. O vaxtlar bizə Bakıdan, ümumiyyətlə, Azərbaycandan uşaqlar gəlib Tarix fakültəsində, yaxud digər fakültələrdə təhsil alırdılar, bir hissəsi burada qalır və sonradan SSRİ dağılandan sonra Ukrayna vətəndaşı olurdular. Ölkənin ictimai həyatında fəallıq göstərir, bəziləri idmana meyl edib müxtəlif federasiyaların fəaliyyətində iştirak edirlər. Bizdə parlamentə milli mənsubiyyətə görə seçilmək yoxdur. Ölkənin hər bir vətəndaşı ya siyasi partiya siyahılarından, ya da majoritar əsasla, yəni seçki dairələr üzrə namizədliyini irəli sürə bilər. Qeyri-vətəndaş olan azərbaycanlılara gəlincə, müəyyən cəmiyyətlər var, mədəni və ictimai tədbirlər keçirir, dövlət də onlara yardım göstərir. Biz azərbaycanlı cəmiyyətlərlə daim təmasdayıq. Şəxsən mənim Azərbaycanın gənclər və idman nazir ilə çox yaxşı münasibətim var. Onunla 2015-ci ildə Bakıda I Avropa Oyunları zamanı tanış olmuşuq.

- Hazırda Ukraynada bir çox milli diasporların nüfuzlu gənclər təşkilatları var. Bəs azərbaycanlıların gənclər hərəkatı barədə nələr söyləmək istərdiniz?

- Belə hərəkatın olması vacibdir. Deməli, gənclər ictimai-siyasi işlərə maraq göstərir. Adətən, bütün ölkələrdə belədir, siyasətə maraq yalnız böyük ictimai-siyasi sarsıntılar dövründə baş qaldırır. Bizim ölkədə də Ləyaqət İnqilabında, Naringi İnqilabda xeyli sayda gənclər iştirak etmişdi. 2014-cü ildə Ukraynaya qarşı hərbi təcavüz baş verəndə bir çox gənclər ölkənin şərq bölgəsinə yollanıb silaha sarılaraq vətən torpaqlarının, ölkənin ərazi bvütövlüyünün müdafiəsinə qalxdı. Adi vaxtlarda isə gənclər, təbii ki, idmanla, əyləncələrlə, yəni qısası, gənclərə xas olan işlərlə məşğul olur, yalnız kiçik qismi ictimai siyasi cəhətdən fəaldır. Lakin gənclər millətin gələcəyidir və mənim fikrimcə, gənclər bizim ölkələrimizin gələcəyini müəyyənləşdirməlidir. Biz 50 yaşlılar bu gün-sabah çəkiləcəyik qırağa, meydan gənclərə qalacaq, ölkəni onlar idarə edəcəck.

- Gənclər sahəsində Azərbaycanla əməkdaşlığın gələcəyini necə görürsünüz?

- Bayaq qeyd etdiyim kimi, Azərbaycanla geniş əməkdaşlıq əlaqələrimiz var, bu əməkdaşlıq, yəqin ki, bundan sonra da inkişaf edəcək. Hər halda, orası yəqindir ki, həm Ukrayna, həm də Azərbaycan Respublikası belə əməkdaşlıqda maraqlıdır. İndi biz bu münasibətləri rəsmi dövlət qurumları səviyyəsindən ictimai təşkilatlar səviyyəsinə, ictimai xadimlərin şəxsi münasibətləri səviyyəsinə də yaymalıyıq. Dövlət bunun üçün şərait yarada bilər, çərçivə qura bilər, amma mən ictimai təşkilatların görəcəyi işi görə bilmərəm ki... Onlar özləri bir-birilə təmas qurmalı, layihələr işləməli və həyata keçirməlidir. Əsas odur ki, millətin xeyrinə olsun, Ukrayna ilə Azərbaycanın münasibətləri bundan fayda görsün.

İdmana gəlincə, müəyyən idman növləri var ki, Ukraynada da, Azərbaycanda da nisbətən güclü inkişaf edib. Məsələn, boks, güləş, ağırlıq idmanı. İndi sizdə güclü sprinter yetişib. Bir dəfə sizin nazirlə söhbət edirdik. Azərbaycanda müəyyən idman növlərinin tarixi adət-ənənə ilə bağlı səbəblərdən inkişaf etmədiyini dedi. Deməli, ənənəvi növləri inkişaf etdirmək, şərait yatamaq lazımdır. Bununla belə, sizdə idmana ciddi münasibət var, bundan xoşum gəlir. İdmana bir çox şirkətlər, o cümlədən SOCAR hərtərəfli dəstək verir. Qış kurortları da yaradılmağa başlayıb. Mən SOCAR-da keçirilən tədbirdə iştirak edəndə idmana dəstək imkanları müzakirə olunurdu. Bunlar müsbət məqamlardır, rəqabət idmanın xeyrinədir.

Biz Azərbaycanda da, bizim Ukraynada da qarşılıqlı təlim məşq toplantıları keçirməkdə maraqlıyıq. Məsələn, Kiyev şəhəri yaxınlığındakı Konça Zaspa qəsəbəsində gözəl Olimpiya idman bazası var, yəqin ki, Azərbaycan güləşçilərinə, başqa idmançılarına bu yer yaxşı tanışdır. Bizdə sərbəst və yunan-Roma güləşi, qadın güləşi çox güclüdür. Yeri gəlmişkən, bizim qızlar Azərbaycana gedib sizin milli komanda üçün çıxış edirlər.

Dopinqlə bağlı, məncə, mövqeyimiz eynidir. Dopinq idmanın ruhuna, məramına yad bir şeydir, yolverilməzdir. İnsanlar gəlib yarışlara tamaşa edirlər, açıq və dürüst yarış görmək istəyirlər. Təbii ki, kimlərsə xal qazanmaq, medal qazanmaq naminə dərman qəbul edəndə, əyri yola düşəndə əsl yarışdan danışmaq yersizdir. Ona görə də dopinqə qarşı güzəştsiz mübarizə aparılmalıdır. Bu, bütün sağlam düşüncəli insanların mövqeyidir, bilirəm ki, Azərbaycanda da belədir.

Biz hamımız daha çox yarışlar keçirməkdə də maraqlıyıq. Bunun gözəl misalı Bakıda ən yüksək səviyyədə keçirilən Avropa Oyunlarıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də, xanımının da bu yarışların hazırlanmasında, təşkilat işlərində yaxından iştirak etdiklərini bilirəm. Çox gözəl yarışlar oldu, hamımızı sevindirdi. Gələn Avropa Oyunları Belarusda, Minsk şəhərində keçiriləcək. Yenə gözəl idman bayramı bizi gözləyir, azarkeşlərimizi bu dəfə də sevindirməyə çalışacağıq. Biz də gedib idmançılarımızı dəstəkləyərik. Belə yarışlar idman və gənclər sahəsində əməkdaşlığımızın bünövrəsini təşkil edir.

- Bayaq qeyd etdiyiniz kimi, bəzi ukraynalı idmançılar Azərbaycana gedib bu ölkənin bayrağı altında beynəlxalq yarışlarda iştirak edir, yüksək də nəticələr göstərirlər. Güclü idmançıların qürbətə üz tutmalarının səbəbləri nədir?

- Belə hadisələr daha çox 2000-ci illərə təsadüf etmişdi. Ümumiyyətlə, müstəqillik dövründə Ukraynanı müxtəlif səbəblər üzündən, təqribən, 150 idmançı tərk edib əcnəbi vətəndaşlığını qəbul edib. Bunlar Ukrayna milli komandalarının üzvləri olub. Əsasən də, maddi səbəblər üzündən.. Onlara elə gəlib ki, xarici ölkələrdə daha çox məvacib alacaqlar, məşqlər üçün daha yaxşı şərait olacaq. Bəziləri şəxsi səbəblərdən -  ailə qurub xaricə üz tutublar. Bəziləri də rəqabətə tab gətirməyib milli komandaya götürüləcəyini yəqin etdikləri ölkələrə gediblər. Ümumiyyətlə, belə şeylər dünyanın hər yerində var. Məsələn, bizdə çinli pinq-ponqçu Kou Ley oynayır. O Bakıda keçirilmiş Avropa Oyunlarının bürünc mükafatçısıdır. Halbuki, Çində qalsaydı, milli komandada oynayıb-oynamayacağı bəlli deyildi. Lakin idmançıların açıq-aşkar satın alınmasını mən şəxsən yaxşı hal hesab etmirəm. Azərbaycanın gənclər və idman nazirilə də bu məsələ barədə söhbətimiz olub. Ukrayna idmançılarının xaricə son kütləvi axını 2014-ci ildə - Rusiyanın Krımı ilhaq etdikdən sonra baş vermişdi. Krımda yüngül atletlər çoxdur və bir çoxu da Rusiya üçün çıxış etmək qərarına gəldi. Bir siyasətçi kimi, mən bunu xəyanət kimi qəbul edirəm. Axı səni bu ölkə yetişdirib, sənə nə qədər vəsait xərcləyib. Hesablamışıq, milli komandada, Olimpiya Oyunlarında iştirak edəcək idmançı yetişdirmək üçün orta hesabla 1 - 1,5 milyon dollar pul xərcləmişik. Uşaq yeddi yaşında idman məktəbinə gəlir, orada 17-18 yaşınadək məşq edir, 20 yaşında milli komandaya onu götürürlər. Odur ki, xarici ölkəyə getməyi qərarlaşdırmısansa, onda gərək səni böyüdüb yetişdirən ölkəyə müəyyən təzminat ödəyəsən. Təəssüf ki, belə təcrübə hələlik yoxdur. Əvəzində idmançıya iki-üç il beynəlxalq yarışlarda iştirak etməyə qadağa qoyulur. Məsələn, futbolda hətta ən aşağı səviyyələrdə kimsə harasa üzrlü səbələrdən gedir. Vaxtilə Kiyevin "Dinamo" futbol klubu Yarmolenkonun transferi üçün uşaq-gənclər məktəbinə müəyyən vəsait ödəmişdi. Həmin futbolçumuz əvvəl "Borussiya"ya, indi də İngiltərə klubuna keçib.

Son vaxtlar, yəni 2015-ci ildən bu yana, təqribən, 8-10 idmançımız gedib, bir qismi sırf şəxsi səbəblər üzündən. Hazırda bizdə idmançılar üçün, ilk növbədə, məşqçilər üçün maddi vəziyyət xeyli düzəlib, indi onlar ayda təxminən 1.5 - 2 min dollar alırlar. Bizim çox məşhur bir məşqçimiz var, vaxtilə Olimpiya çempionu olan gimnastlarımızı çalışdırıb. Braziliyadan yaxşı təklif alıb çıxıb getmişdi. İndi qayıdıb, bəlkə də, gələcəyin Olimpiya çempionları ilə məşğul olur. Bəlkə də, orada ona artıq məvacib verirdilər, amma vətəni buradır axı. Doğma yurd çəkir insanı. Mənim nazir kimi vəzifəm bundan sonra da idmançılar və məşqçilər üçün layiqli şərait yaratmaqdır.

Son vaxtlar idman infrastrukturu sahəsində çox işlər görürük. Azərbaycanda olanda infrastruktur sahəsində işlərlə maraqlandım, çox şeylər xoşuma gəlib. Polşada da olmuşam, idman infrastrukturunun qaldırılması ilə maraqlanmışam. Ukraynada müstəqilliyin 27 ili ərzində idman infrastrukturu ilə maraqlanan olmayıb, get-gedə dağıdılıb. Yalnız müəyyən məqamlarda, məsələn, Avro-2012-də nəsə ediblər. Buradan görünən Olimpiya Milli Stadionu da Avro-2012 üçün tikilib.

- Burada bizim “Qarabağ” oynayıb...

- Hə, elədir. Təəssüf ki, mən getmədim. Kiminlə oynayıblar, Poltava ilə?

- Yox, burada "Dnepr"lə. Bu yaxınlarda isə Poltavanın "Vorskla"sı ilə oynamışıq.

- Hə, siz uddunuz.

- Poltava ilə son oyuna baxdınız?

- Hansı səbələrdənsə baxa bilmədim, Bakıdakı oyunu izləmişəm.

- Bəs, ümumiyyətlə, Azərbaycan futbolunu necə qiymətləndirərdiniz? Yəqin, bilərsiniz, sovet vaxtı bizdə Anatoli Banişevski adlı Ukrayna əsilli məşhur futbolçu olub. Azərbaycanın ən məşhur futbolçusu olub.

- “Neftçi” yadımdadır. Bu komanda durur hələ?

- Bəli, “Neftçi” indi Azərbaycan çempionatının lideridir. Amma indiki futbol Sovet dövründəki kimi deyil. Müasir futbol haqqında fikirlərinizi eşitmək maraqlı olardı.

- Sizi başa düşdüm. Məncə, Ukraynadakı kimi, Azərbaycanda da futbol hələ inkişaf etməlidir. Mən bunu diplomatik tərzdə deyirəm. Hərdən icmallara baxıram, sizdəki futbol elə bizdəki kimidir, hərçənd biz bir balaca daha güclüyük. Biz Avropa futbolunın orta təbəqəsiyik. Amma sizin gələcəkdə inkişaf etmək imkanınız var. Odur ki, Azərbaycan futboluna bir yerdə azarkeşlik edəcəyik.

- Bayaq Avropa Oyunları barədə danışdınız. Bəs Ukrayna necə, üçüncü Avropa Oyunlarını keçirmək istəmir ki?

- Bizim Nazirliyin siyasəti belədir ki, Ukraynanı tanıtmaq üçün nə qədər rahat, təhlükəsiz ölkə olduğunu hamıya hiss etdirmək üçün daha çox beynəlxalq yarışlar keçirməyə çalışırıq. Məsələn, Avropa suya tullanma çempionatı, keçən il Avropa boks çempionatı, özü də Xarkovda keçirmişik. Çempionlar Liqasının finalını keçirdik. Bunlar hələ tam siyahı deyil. Digər tərəfdən, maliyyə və başqa imkanlarımızı da unutmamalıyıq. Bütün bunlar çox məsrəfli işlərdir. Ona görə də idman naziri kimi, mən hələlik bir az ehtiyatlı davranmaq istiyirəm. Bir tərəfdən də müharibə gedir, külli miqdarda vəsaitlər müdafiəyə xərclənir. Hələki maliyyə ehtiyatı yaratmaq daha məqsədəuyğundur. Bəlkə də, dördüncü və yaxud beşinci Oyunları keçirmək haqqında düşünək. Birinci Avropa Oyunları keçiriləndə mütəxəssislər deyirdi ki, hələlik bunun statusu məlum deyil. Gələcəkdə necə olacaq, baxarıq. Hələlik bizim üçün əsas məsələ Olimpiya Oyunlarıdır. Amma yenə deyirəm, Bakıda keçirilən Avropa Oyunlarınmdan heyrəötə gəldim. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu.

Son xəbərlər

Orphus sistemi