Yuxarı

Oşda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin 7-ci görüşü keçirilib

TÜRKSOY-a üzv ölkələr toplaşdı

Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin 7-ci görüşü keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edib.

Bu görüşün Türk dünyası ölkələri arasında mövcud olan həmrəylik və əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran E.Sultanov ortaq türk mirasının YUNESKO-da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra E.Sultanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və bu proses çərçivəsində bu ilin mayın 2-3-də keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumu haqqında danışıb. O, Azərbaycan Respublikası və YUNESKO arasında əlaqələrin inkişafında, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Azərbaycanın işğal altındakı torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini bildirən E.Sultanov Ermənistan tərəfindən məhv edilmiş mədəni irsimizin eyni zamanda Türk dünyasının ortaq mirası olduğunu diqqətə çatdırıb və bu məsələnin YUNESKO-da gündəmə gətirilməsində TÜRKSOY-a üzv dövlətlərin dəstəyinin vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Oş şəhərinin 2019-cu il Türk dünyasının mədəni paytaxtı elan edilməsi münasibətilə keçirilən təntənəli tədbirlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi