Tbilisidə “IV Cənubi Qafqazda Təhlükəsizlik” beynəlxalq konfransı keçirilir

Tbilisidə “IV Cənubi Qafqazda Təhlükəsizlik” beynəlxalq konfransı keçirilir “Ermənistanda separatçı rejimin hakimiyyətdə qalması münaqişənin həllinə ciddi maneədir”
Xarici siyasət
20 Aprel , 2017 11:50
Tbilisidə “IV Cənubi Qafqazda Təhlükəsizlik” beynəlxalq konfransı keçirilir
Report.az

Tbilisi. 20 aprel. REPORT.AZ/ Tbilisidə “IV Cənubi Qafqazda Təhlükəsizlik” beynəlxalq konfransı işinə başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, konfransda Cənubi Qafqazda, Qara dəniz regionunda münaqişələr, Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” siyasətinin perspektivləri və s. məsələlər müzakirə olunacaq.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metreveli tədbiri açaraq bildirib ki, bu gün Cənubi Qafqazda mövcud olan münaqişələr regionun inkişafına maneə olmaqla yanaşı, daha ciddi problemlərin yaranmasına və Avropada təhlükəsizliyin pozulmasına səbəb ola bilər. Konfransın məqsədi bu münaqişələrin həlli yollarını araşdırmaq və beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində onun həllinə nail olmaqdır.

Slovakiya STRATPOL-un direktoru Riçard Turcsanyi çıxışında diqqəti Avropada təhlükəsizlik məsələlərinə yönəldib və Cənubi Qafqazda, Ukraynada və digər regionlarda mövcud olan münaqişələrin ciddi narahatçılıq doğurduğunu vurğulayıb.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili konfransda çıxış edərək Avropanın enerji təhlükəsizliyinin qorunmasında Cənubi Qafqazın rolunu xüsusi qeyd edib. O bildirib ki, bu gün Cənubi Osetiya və Abxaziya, Dağlıq Qarabağ münaqişələri nəinki Cənubi Qafqazda, bütövlükdə Avropada təhlükəsizliyə təhdiddir: “Dünya birliyi bu məsələlərə xüsusi diqqət yetirməli və münaqişələr tezliklə öz həllini tapmalıdır”.

Konfransda Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev çıxış edib.

O, Cənubi Qafqazda mövcud olan münaqişələr, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, rəsmi Bakının bu məsələdəki prinsipial haqlı mövqeyini diqqətə çatdırıb. Bildirib ki, 2016-cı ilin aprelində qoşunların təmas xəttində baş vermiş hadisələr bir daha göstərdi ki, Azərbaycan qısa bir vaxt ərzində öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Lakin sülh tərəfdarı olduğu üçün rəsmi Bakı münaqişənin sülh danışıqları yolu ilə həllinə tərəfdardır. Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə danışan C.Vəliyev deyib ki, Ermənistanda separatçı rejimin hakimiyyətdə qalması münaqişənin həllinə ciddi maneədir.

Konfrans aprelin 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi