Tacikistan prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır

Tacikistan prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır Azərbaycan səfiri etimadnaməsini Tacıkistan prezidentinə təqdim edib
Xarici siyasət
13 Aprel , 2018 14:49
Tacikistan prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə aprelin 13-də etimadnaməsini Tacikistan prezidenti Emomali Rahmona təqdim edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, E.Rahmon səfir Həsən Məmmədzadəni təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Söhbət zamanı H.Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını E.Rahmona çatdırıb.

İki dost və qardaş ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, iqtisadi, ticarət, humanitar və mədəniyyət sahələrinin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Tacikistan prezidenti E.Rahmonun Azərbaycana rəsmi səfəri müzakirə olunub. E.Rahmon Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, həmçinin onun da salamlarını və 11 aprel Prezident seçkilərində qalib gəlməsi münasibətilə bir daha təbriklərini Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

H.Məmmədzadə diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycanla Tacikistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon ulu öndər Heydər Əliyev barəsində danışaraq onun dünya səviyyəsində necə böyük siyasətçi olduğunu, tarix boyu belə şəxsiyyətlərin çox nadir halda yeişdiyini bildirərək, Azərbaycanın parçalanmasının qarşısını aldığını, ölkəni inkişaf yoluna yönəltdiyini, dünya səviyyəsində müstəqil, öz sözünü demək iqtidarına malik olan dövlətə çevirdiyini digər səfirlərin diqqətinə çatdırıb və onunla bağlı öz xatirələrini bölüşüb. 

Son xəbərlər

Orphus sistemi