Səfir: “SOCAR Rumıniyada tanınmış brenddir” - MÜSAHİBƏ

Səfir: “SOCAR Rumıniyada tanınmış brenddir” - MÜSAHİBƏ “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə aydın və ardıcıl olub”
Xarici siyasət
24 Oktyabr , 2016 12:05
Səfir: “SOCAR Rumıniyada tanınmış brenddir” - MÜSAHİBƏ

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dan Yankunun "Report" İnformasiya Agentliyinə müsahibəsi:

- Azərbaycanla bağlı təəssüratlarınız necədir və ikitərəfli siyasi əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Mən bura təxminən 3 həftə əvvəl gəlmişəm və hər gün özüm üçün bu ölkənin yeni və maraqlı anlarını kəşf edirəm. Mən bura Buxarestdən avtomobillə gəlmişəm və sərhədi keçib Azərbaycana daxil olan kimi dərhal onun gözəlliyini və potensialını gördüm. Təbii ki, Bakının gözəlliyi və müasirliyi, o cümlədən dilimi başa düşməsələr belə, yerli sakinlərin yardım etməyə çalışmaqla göstərdiyi qonaqpərvərliyi məni heyran etdi. Həmçinin insanların həvəslərini də müşahidə elədim. Deyirlər, Azərbaycan Odlar Yurdudur, amma mən həmin odu, istiliyi insanların ürəyində də gördüm. İlk dəfə bu hissləri Bakıda Olimpiya stadionuna səfər etdiyim zaman yaşamışdım. O zaman Azərbaycan futbol millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyununda Norveç üzərində tarixi qələbə qazanmışdı.

Bildiyiniz kimi, Rumıniya və Azərbaycan arasında yaxın dostluq münasibətləri var. Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub və geridə qalmış illərdə əlaqələrimiz inkişaf edib, dərinləşib, 2009-cu ildən isə strateji xarakter alıb. Ötən 25 il ərzində Rumıniya prezidentlərinin Bakıya, səhv etmirəmsə, 8 səfəri həyata keçirilib. Prezident İlham Əliyev beş dəfə Buxarestə səfər edib. Keçən ilin iyun ayında bizim baş nazir birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya səfər edib. Parlamentlər, Xarici İşlər Nazirlikləri, eləcə də digər dövlət orqanları arasında davamlı dialoq aparılır. Bundan əlavə, iqtisadiyyat sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratmışıq: son dörd il ərzində ikitərəfli ticarətin həcmi davamlı şəkildə artıb. İnsanlar arasında münasibətlər də inkişaf etdirilir. Bu, yaxşı başlanğıcdır, lakin iki ölkə arasında mövcud potensialdan istifadə etmək üçün hələ çox iş görülməlidir.

- Qeyd etdiyiniz kimi, Rumıniya və Azərbaycan arasında ticarət dövriyyəsi son bir neçə il ərzində artıb. İqtisadi böhran iqtisadi sahədə əməkdaşlığa təsir edib?

- Həqiqətən, son dövrlərdə ikitərəfli ticarət əlaqələrimiz artıb. Azərbaycan şirkətləri Rumıniya bazarındakı iştiraklarını artırıb. Bu, mövcud potensialın göstəricisidir. İqtisadiyyatlarımız bir-birindən asılıdır. Buna görə də digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi, inkişafı və genişləndirilməsi üçün hər şeyi etməliyik. Dayanıqlı inkişafa ehtiyac var və əminəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi yönündə həyata keçirilən səylər ölkələrimizə gələcəkdə birgə istifadə edə biləcəyimiz imkanlar təmin edəcək.

- Rumıniya və Azərbaycan arasında neft-qaz sektorunda sıx əməkdaşlıq var. AGRİ layihəsi üzrə hər hansı bir irəliləyiş varmı və SOCAR-ın Rumıniyadakı işini necə qiymətləndirirsiniz?

- Energetika - əməkdaşlığımızın mühüm hissəsidir. Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın roluna böyük önəm veririk və onu tam dəstəkləyirik. Ölkəm üçün enerji daşıyıcılarının şaxələndirilməsi çox vacibdir. Rumıniya və Azərbaycan Avropanın həm enerji təhlükəsizliyini, həm də enerji daşıyıcılarının diversifikasiyasını gücləndirməyə imkan yaradacaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector) layihəsini dəstəkləyir. 2015-ci ilin iyun ayında tərəfdaş ölkələrin energetika nazirləri, o cümlədən də Azərbaycanın energetika naziri Natiq Əliyev AGRİ təşəbbüsünün müzakirəsi üçün Buxarestdə görüşüb və bu mühüm layihəni dəstəklədiklərini təsdiq edən siyasi bəyanat yayıblar. Aİ-nin Avropanın enerji bazarının gücləndirilməsinə yönələn investisiyalarını nəzərə alsaq, AGRİ layihəsi daha əhəmiyyətli olacaq.

Energetika məsələsindən söz düşmüşkən, Buxarestdən ayrılmamışdan əvvəl SOCAR-ın Rumıniya şöbəsinin rəhbərliyi ilə görüşdüm və SOCAR-ın Rumıniyada fəaliyyətini uğurla inkişaf etdirməsiylə bağlı xəbəri eşitdiyimə sevindim. Şirkət indiyə kimi bütün ölkə üzrə 34 yanacaqdoldurma məntəqəsi açıb və fəaliyyətini daha da genişlənməyi planlaşdırırlar. Şirkət Rumıniya bazarına daxil olandan erkən mənfəət barədə məlumat verib. Onlar iş yerləri yaradırlar. Fəxrlə deyə bilərəm ki, SOCAR Rumıniyada tanınmış brenddir. SOCAR-ın Rumıniyadakı iştirakını gücləndirəcəyini gözləyirik.

- Rumıniya həmçinin hərbi əməkdaşlıq sahəsində Azərbaycanın mühüm tərəfdaşıdır. Son 8 il ərzində Rumıniya dörd dəfə NATO-nun Bakıdakı əlaqələndirici səfirliyi mandatını həyata keçirib. Yeni mandat gözləmək olar?

- 2009-cu ilin yanvar ayından Rumıniyanın Bakıdakı səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi mandatını qəbul edib. Məncə, bu, Alyansa üzv olan ölkənin diplomatik missiyasının bu postu tutduğu ən uzun müddətdir. Bunu yalnız Azərbaycan haqqında demirəm. Ümumiyyətlə, Azərbaycan təmsilçiləri ilə birlikdə ictimai diplomatiya sahəsində əla işlər görərək NATO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edən, NATO dəyərlərini təşviq edən və Azərbaycanda Alyans barədə məlumatlılığı artıran iki sələfimin işini yüksək qiymətləndirirəm. Bütün bu səylər NATO-nun Azərbaycanla dialoqa və əməkdaşlığın inkişafına verdiyi əhəmiyyətin göstəricisidir və Alyans tərəfindən tam tanınan Azərbaycanın strateji rolu və dəyərlərini əks etdirir. Cari mandatımız bu ilin dekabr ayında başa çatır və başqa bir NATO ölkəsi bu vəzifəni icra edəcək. Amma biz növbəti əlaqələndirici səfirliyin NATO-Azərbaycan münasibətlərini gücləndirmək yolundakı fəaliyyətinə tam dəstək verəcəyik.

- Rumıniyanın miqrantların Avropaya axını, Aİ ölkələri arasında etimadın olmaması, Avropada terror təhlükəsi kimi məsələlər üzrə mövqeyi necədir? Azərbaycan və Rumıniya miqrantlarının axını və antiterror əməliyyatlarının idarə olunması kimi sahələrdə necə əməkdaşlıq edə bilər?

- Biz miqrasiya və terrorizmin iki fərqli hadisə olduğunu təsdiq edirik. Ona görə də onlara müxtəlif formatlarda və müxtəlif yollarla yanaşmağın zəruri olduğunu düşünürük. Rumıniya miqrasiya məsələsinə hərtərəfli yanaşmanın, o cümlədən Aİ-nin ümumi cavabı və həlli yollarının lazım olduğuna əmindir. Fikrimizcə, üç məqam vacibdir: birincisi - Aİ səviyyəsində artıq daxili tədbirlərin həyata keçirilməsi üzrə ardıcıllıq razılıqlaşdırılıb; ikincisi - üçüncü ölkələrlə (miqrasiyanın mənbəyi olan ölkələrlə və və tranzit ölkələrlə) əməkdaşlığın yaxşılaşdırılması; üçüncüsü - Aİ-nin xarici sərhədlərinin müdafiəsini gücləndirmək. Bu üç elementin hər biri üzrə irəliləyiş əldə etmək vacibdir. Eyni zamanda, miqrasiyadan danışarkən, yalnız onun nəticələri ilə məşğul olmaq yox, həm də onun səbəbləri ilə də mübarizə aparmaq vacibdir. Aİ miqrasiya problemlərinin davamlı həllini tapmaq üçün mənbə-ölkələr və tranzit ölkələrlə sıx əməkdaşlıq etməlidir.

- Rumıniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə aydın və ardıcıl olub. Biz MDB məkanında bütün münaqişələrin ərazi bütövlüyü və ölkələrin suverenliyinə hörmət də daxil olmaqla, beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, dinc yolla, razılaşdırılmış və hərtərəfli həllinə tərəfdarıq. Bu, Rumıniyanın çoxdankı mövqeyidir və o, dəyişməyib.

- Azərbaycanda mədəniyyət tədbirlərinin keçirilməsi ilə bağlı hansı planlarınız var?

- Səfirliyimiz hazırda növbəti il üçün fəaliyyət planı üzərində işləyir. Birincisi, diqqətimizi artistlərin çıxışı, kino, musiqi vasitəsilə Rumıniya mədəniyyəti və adət-ənənələrinin Azərbaycan cəmiyyətinə təqdim olunmasınına yönəltməliyik. Həmçinin, Azərbaycanda mədəniyyət tədbirlərində fəal iştirak etmək istərdik. Məsələn, Bakı Cazz Festivalı bütün dünyada nüfuzlu və populyar olan tədbirdir. Biz eyni zamanda ənənəvi incəsənət və sənətkarlıq məhsullarını nümayiş etdirmək istəyirik. Məsələn, xalçaları. Bununla mədəniyyətlərimiz arasında ümumi cəhətlərin olduğunu göstərə bilərik. Azərbaycan xalçalarındakı bəzi naxışların Rimıniya xalçalarındakı motivləri xatırlatdığını görəndə təəccüblənmişdim. Bunu yerli publikaya da göstərmək istərdik.

Son xəbərlər

Orphus sistemi