Səfir: "Çin və Azərbaycan arasındakı əməkdaşlıq sürətlə inkişaf edir"

Səfir: "Çin və Azərbaycan arasındakı əməkdaşlıq sürətlə inkişaf edir" Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri sağlam və sabit şəkildə sürətlə inkişaf edir.
Xarici siyasət
23 Sentyabr , 2019 10:42
Səfir: Çin və Azərbaycan arasındakı əməkdaşlıq sürətlə inkişaf edir

"Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri sağlam və sabit şəkildə sürətlə inkişaf edir".

"Report" xəbər verir ki, bunu "Sinhua" agentliyinə müsahibəsində Çinin Azərbaycandakı səfiri Qo Min deyib.

Onun sözlərinə görə, Azərbaycan "Bir qurşaq, bir yol" təşəbbüsünü tam dəstəkləyir və bu işdə fəal iştirak edir. Səfir qeyd edib ki, bu təşəbbüs Azərbaycanın milli inkişaf strategiyası ilə yaxşı uyuşur və bunun sayəsində ticarət, iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli praktiki əməkdaşlıq daim bəhrə verir.

"Bu ilin əvvəlindən bəri iki ölkə yüksək səviyyədə səfər mübadiləsini intensivləşdirib, siyasi qarşılıqlı etimad daim dərinləşir, ticarət, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahədə əməkdaşlıq bəhrəsini verir", - Q.Min əlavə edib.

Xanım diplomat xatırladıb ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev "Bir qurşaq, bir yol" təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə II Yüksək Səviyyəli Forumda iştirak etmək üçün Çinə səfər edib və dövlət başçıları ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığın daha da inkişafı ilə bağlı vacib konsensus əldə ediblər.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-avqust aylarında Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 104% çoxdur.

Səfir son illərdə təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın davamlı inkişaf etdiyini, iki ölkə xalqı arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin daim dərinləşdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi