Səfir: "Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi il ərzində 10% artıb"

Səfir: "Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi il ərzində 10% artıb" "Təkcə 2016-cı ilin mart ayında Azərbaycana 3000-dən çox BƏƏ turisti gəlib"
Xarici siyasət
2 May , 2016 20:07
Səfir: Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi il ərzində 10% artıb

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Dubay Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Məcid Saif Əl Ğureyr və Palatanın prezidenti və baş icraçı direktoru Həmad Buamim ilə görüş keçirib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə səfir D.Şikarov iki ölkə arasında bütün sahələrdə qarşılıqlı səmərəli münasibətlərin formalaşdığını və Azərbaycanın bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu qeyd edərək, Azərbaycan və BƏƏ arasında həm hökumətlərarası səviyyədə, həm də xalqlar arasında gözəl münasibətlərin mövcud olduğunu vurğulayıb.

Səfir qeyd edib ki, 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycan və BƏƏ arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 10 faiz artaraq 70 milyon ABŞ dollarından bir qədər artıq olub. Bununla belə, hazırkı göstəricilər iki ölkənin potensialına cavab vermir və qarşılıqlı ticarətin dəstəklənməsi ilə bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür.

D.Şikarov həmçinin iki ölkə arasında turizm sahəsində də əməkdaşlığı genişləndirilməsi üçün imkanların olduğunu bildirib. Onun sözlərinə görə, əgər 2015-ci il ərzində BƏƏ-dən Azərbaycana cəmi 2 500-3 000 turist səfər etmişdisə, 2016-cı ildə təkcə mart ayında bu göstərici 3 000-dən çox olub.

Öz növbəsində, Məcid Saif Əl Ğureyr ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına veridyi əhəmiyyəti vurğulayıb. O qeyd edib ki, Dubay Ticarət Palatasının təşkil etdiyi və bu regionu əhatə edən bütün beynəlxalq tədbirlərdə Azərbayana xüsusi önəm verilir. Bu önəmin göstəricisidir kimi, cari ilin 9-11 may tarixləri arasında Dubay Ticarət Palatasının ərzaq məhsullarının idxalatçısı olan şirkətlərdən ibarət nümayəndə heyətinin Azərbaycana ticarət missiyası nəzərdə tutulub.

Daha sonra BƏƏ vətəndaşlarının Azərbaycanı turizm məkanı kimi yeni kəşf etdiklərini deyən Əl Ğureyr əvvəllər BƏƏ istiqamətində müşahidə olunan turist axınının indi əks istiqamətə yönəldiyini vurğulayıb. O bu göstəricilərin yaxın illərdə kəskin artacağına inandığını bildirib.

Son xəbərlər

Orphus sistemi