“Koronavirus pandemiyasına qarşı birgə mübarizə aparan ölkələr daha çox qazanacaq”.
Bunu “Report”un Rusiya bürosuna Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Savelyev bildirib.
Rusiyalı deputatın fikrincə, Azərbaycan koronavirusun az yayıldığı, habelə bütün dünya iqtisadiyyatı üçün hazırkı çətin bir dövrdə əhaliyə sosial dəstəyin son dərəcə yüksək olduğu ölkələrdən biridir: “Belə ki, beynəlxalq maliyyə qurumlarından kredit uman 150 ölkə arasında olmayan Azərbaycanda kiçik sahibkarlara və bütövlükdə vətəndaşlara 2,5 milyard manat həcmində maliyyə yardımı göstərməyin nəzərdə tutulur. Səhiyyənin və əhali sayının yaxın səviyyədə olduğu ölkələrlə müqayisədə Azərbaycan koronavirusdan cüzi zərərə məruz qalıb. Belə ki, ölkədə daha əvvəl görünməmiş sosial təcrid qaydaları tətbiq olunub, həmçinin Sumqayıt Sənaye Parkında ən qısa zamanda gündəlik 250 min tibbi maska istehsal edən müəssisə işə salınıb”.
Koronavirus pandemiyasının səbəb olduğu böhran nəticəsində həm dünya iqtisadiyyatında, həm də bir çox ölkələrin geosiyasətində köklü dəyişikliklərin baş verəcəyini dilə gətirən rusiyalı millət vəkili bildirib: “Belə bir vəziyyətdə yalnız öz ehtiyatlarından səmərəli şəkildə istifadə edən, habelə dost ölkələrlə səylərini birləşdirən ölkələr qazanacaq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər xeyli dərəcədə şaxələndirildiyinə, neft qiymətlərindən bir o qədər asılı olmadığına görə bundan sonra da inkişaf edəcək”.
D.Savelyev həmçinin tarix boyu ölkələrimiz arasında mövcud olmuş mehriban qonşuluq münasibətlərinin pandemiya dövründə də davam etdiyini qeyd edib: “Rusiya ilə Azərbaycan koronavirusla mübarizədə intensiv şəkildə məlumat və təcrübə mübadiləsi aparırlar. İki ölkənin xarici işlər nazirləri son vaxtlar bir neçə dəfə telefon söhbətləri zamanı pandemiyaya qarşı tədbirləri müzakirə ediblər. Rusiyanın “Vektor” biotexnologiya və virusologiya mərkəzində hazırlanmış laboratoriya avadanlığı və test dəstləri Azərbaycan səhiyyə işçilərinə təqdim edilib. Azərbaycanın da öz nadir elmi təməlini qoruyub saxlaması həm bu virusun tədqiqində, həm də peyvənd dərmanı tapmaqda ölkələrimizin səylərini birləşdirməsi üçün əlverişli zəmin yaradır”.