Rusiyalı ekspert: "Moskva Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində maraqlıdır" - MÜSAHİBƏ

Rusiyalı ekspert: "Moskva Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində maraqlıdır" - MÜSAHİBƏ Moskva. 11 fevral. REPORT.AZ/ Rusiyalı politoloq, “PolitRUS” ekspert-təhlilçi şəbəkəsinin yaradıcısı Vitali Arkovun Report İnformasiya Agentliyinə müsahibəsi:
Xarici siyasət
11 Fevral , 2019 18:26
Rusiyalı ekspert: Moskva Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində maraqlıdır - MÜSAHİBƏ

Moskva. 11 fevral. REPORT.AZ/ Rusiyalı politoloq, “PolitRUS” ekspert-təhlilçi şəbəkəsinin yaradıcısı Vitali Arkovun "Report" İnformasiya Agentliyinə müsahibəsi:

- Bu yaxınlarda ABŞ-ın “Sratfor” analitik kəşfiyyat agentliyi Rusiya ilə Ermənistan arasındakı münasibətlərin korlanmasını iddia edən bir yazı dərc etdirib. Bu barədə fikirlərinizi bildirərdiniz?

- Bəli, bu gün Rusiya ilə Ermənistan arasında müəyyən gərginlik var. Bu, Ermənistanın yeni rəhbərliyinin sözdə rusiyameylli, reallıqda isə qərbyönümlü siyasətə üstünlük verməsilə bağlıdır. Bu mövqe əslində gözləniləndir, çünki Nikol Paşinyanın hakimiyyətə gəlməsi, şübhəsiz, okeanın o tayında tərtib edilən və müxtəlif ölkələrdə sınaqdan keçirilən ssenari üzrə baş tutub. Yeni komanda əsas etibarilə ABŞ-ın xüsusi xidmət orqanlarında təlim görmüş və ya orada çalışmış şəxslərdən ibarətdir. Lakin əvvəllər Gürcüstanda, Moldovada, Ukraynada baş verən oxşar hadisələrdə də gördüyümüz kimi, belə hadisələrin arxasında duran ABŞ və ümumiyyətlə, Qərb gücləri post-Sovet məkanında nəzarətə götürdükləri ölkələrin həqiqi inkişafında maraqlı deyil, onları, sadəcə, öz müstəmləkələrinə çevirərək rəqiblərinə təzyiq aləti kimi istifadə edirlər. Ermənistanın isə bu mənada Rusiya və İrana qarşı təzyiq vasitəsi olaraq düşünüldüyünü söyləmək olar. İndidən Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasını çıxartmaq, ABŞ-ın İrana qarşı əməliyyatları üçün meydan yaratmaq çağırışları səslənir.

- Bəs Ermənistanla hazırkı fikir ayrılıqları Rusiyanın Azərbaycanla daha da yaxınlaşmasına gətirib çıxara bilərmi?

- Azərbaycan Rusiya üçün strateji tərəfdaş olub və qalır. İki ölkənin münasibətləri istər ikitərəfli formatda, istərsə də Xəzər regionundakı əməkdaşlıq, enerji layihələri, Avrasiyada yeni nəqliyyat dəhlizləri, beynəlxalq terrorçuluq kimi, müxtəlif beynəlxalq əməkdaşlıq formatları çərçivəsində güclənərək davamlı şəkildə genişlənir.

Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək?

Son vaxtlaradək üstün olan rəyə əsasən, Rusiya həm Ermənistanı öz peyk dövləti olaraq saxlamaq, həm də regionda Türkiyənin nüfuzunun artmasına yol verməmək üçün Qarabağdakı status-kvoda maraqlıdır. Lakin elə əvvəllər də bu məsələ birmənalı olmayıb, indi isə Kremlin Cənubi Qafqaz, Yaxın Şərq siyasətində mənafe və maraqları qat-qat artdığı üçün artıq aktuallığını itirib. Aktuallığını itirməyən məsələ isə Moskvanın Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etməkdə maraqlı olmasıdır. Sərhədlərinin yaxınlığında, həssas bölgədə daha bir hərbi münaqişə Rusiyanın maraqlarına cavab vermir. Əksinə, belə bir münaqişəni qızışdırmaqda okeanın o tayındakı həmin strateqlər maraqlı görünür, çünki onlar Avrasiyanın bu regionunu da xaos girdabına salaraq bütün yerli oyunçuları zəiflətmək istəyirlər.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi