Qriqori Osovoy: "İnqilab vaxtı yandırılan Həmkarlar Evinin bərpasında göstərdikləri köməyə görə azərbaycanlılara minnətdarıq" - MÜSAHİBƏ

Qriqori Osovoy: "İnqilab vaxtı yandırılan Həmkarlar Evinin bərpasında göstərdikləri köməyə görə azərbaycanlılara minnətdarıq" - MÜSAHİBƏ Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Qriqori Osovoyun "Report" İnformasiya Agentliyinə müsahibəsi
Xarici siyasət
26 Noyabr , 2018 17:33
Qriqori Osovoy: İnqilab vaxtı yandırılan Həmkarlar Evinin bərpasında göstərdikləri köməyə görə azərbaycanlılara minnətdarıq - MÜSAHİBƏ

Kiyev. 26 noyabr. REPORT.AZ/ Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Qriqori Osovoyun "Report" İnformasiya Agentliyinə müsahibəsi:

- Azərbaycanla Ukraynanın həmkarlar ittifaqları arasında mövcud olan əməkdaşlıq əlaqələrini necə qiymətləndirərdiniz?

- Ölkələrimizin həmkarlar ittifaqları arasındakı münasibətləri yaxşı, hətta əla vəziyyətdədir. Bu münasibətlər Ümumi Həmkarlar İttifaqları Konfederasiyasına üzv olandan başlayıb. Elə orada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevlə, həmçinin başqa rəhbərlərlə tanışlığımız başlayıb. Biz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, başqa bir beynəlxalq birlik olan Bütün Avropa Regional Şurası çərçivəsində də birgə işləyirik. Səttar Mehbalıyevin şəxsi keyfiyyətlərini, bütövlükdə Azərbaycan həmkarlar ittifaqlarının fəallığını, nailiyyətlərini nəzərə alaraq, onu Bütün Avropa Regional Şurasının vitse-prezidenti seçdik. Son vaxtlar Bakıda bir çox beynəlxalq tədbirlər keçirilir və deyə bilərəm ki, oraya Ukraynadan nümayəndələr məmnuniyyətlə gedirlər. Belə tədbirlərdə iştirak edəndə Bakının son illər nə qədər dəyişdiyinə, memarlıq baxımdan yeniləndiyinə heyran oluruq. Artıq Bakı müasir şəhərdir. Mən hələ Sovet dövründə Naftalan şəhərində müalicə keçməyimlə əlaqədar iki dəfə, təqribən, 1984, 1985-ci illərdə Bakıda olmuşam. O vaxtların Bakısı yaxşı yadımdadır, yəni müqayisə apara bilirəm.

Ölkərəmizin həmkarlar ittifaqları arasında əməkdaşlıq sazişi var. Azərbaycanın həmkarlar ittifaqına Ləyaqət İnqilabı vaxtı bizə göstərdikləri yardımlara görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bizim Həmkarlar İttifaqları Evində inqilab qərargahı yerləşirdi, gündə minlərlə gələn olurdu. Bunlar Avropaya qovuşmaq yolu seçiminə dəstək ifadə etmək üçün küçələrə çıxan həmkarlar idi. Bəli, biz Avropa ölkəsiyik, bizim seçimimiz gələcəkdə Avropaya qovuşmaqdır. Təbii ki, həmkarlar ittifaqları da bu seçimə dəstək verir. Avropa ölkələrində sosialyönlü bazar iqtisadiyyatının yaratdığı rifah halı, yaşayış şəraiti, əmək şəraiti bizim indiyədək gördüklərimizdən qat-qat üstündür. Həmin hadisələr zamanı Həmkarlar İttifaqları Evində yanğın baş verdi, binanı yandırmışdılar. Keçirilən ekspertizalar binanı bərpa etməyin mümkün olduğunu göstərdi. Bizim Federasiya əməkdaşlıq etdiyimiz hər kəsə, o cümlədən xarici tərəfdaşlarımıza maliyyə yardım üçün müraciət etdi. Sizə böyük məmnuniyyətlə deməliyəm ki, cavab çox tez gəldi, azərbaycanlı həmkarlarımız öz imkanları çərçivəsində binamızın bərpası ilə bağlı xeyriyyə fonduna ianələrini əsirgəmədilər. Yaxın vaxtlarda binaya köçəcəyik. Ukrayna Həmkarlar İttifaqları Evinin bərpasında göstərilən yardım və həmrəyliyə görə hazırlayacağımız minnətdarlıq sertifikatı mütləq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da təqdim olunacaq.

- İki ölkənin məhz hansı həmkarlar ittifaqları arasında əlaqələr qurulub?

 - Sahəvi ittifaqlara gəlincə, neftçi həmkarlar ittifaqlarının gözəl əməkdaşlıq etdiyini deyə bilərəm. Bir neçə gün öncə əməyin mühafizəsi sahəsində təşkilatlar arasında bütün Ukrayna müsabiqəsinin final mərhələsi keçirilib. Bu müsabiqə zamanı Azərbaycan neft-qaz həmkarlar ittifaqından tərəfdaşlarımızla təcrübə mübadiləsi aparmışıq. Ümumiyyətlə, azərbaycanlı həmkarlar tez-tez qonağımız olur, işgüzar söhbətlər aparırıq. Bununla yanaşı, təhsil işçilərimizin həmkarlar ittifaqları arasında da yaxşı əlaqələrimiz var. Çünki Ukrayna ali təhsil ocaqlarında Azərbaycandan gələn tələbələr çoxdur. Odur ki, həm təhsil müəssisələri arasında, həm də həmkarlar ittifaqları arasında sıx əlaqələr yaranıb, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Həmçinin sağlamlıqla bağlı təmaslarımız var. Belə ki, uzun illərdir Azərbaycan fəhlələrinin Ukrayna sanatoryalarında, o cümlədən Truskavets kimi kurort yerlərində sağlamlıqlarını bərpa etmələri ənənəyə çevrilib. Orada artıq həmkarlar sanatoriyaları olmasa da, yaxında Morşin kurortu var. Bundan əlavə, nadir kurort yerimiz olan Mirqorod da yüksək səviyyədə inkişaf edir, ora dünyanın 32 ölkəsindən gəlib müalicə olunurlar. Hər kəsi məmnuniyyətlə qəbul edirik. Yəni sizdəki sanatoriya şəbəkəsi hansısa müalicə növü tətbiq etmirsə, biz həmin istiqamətdə qarşılıqlı əlaqələri inkişaf etdiririk.

- Bəs gələcəkdə hansı həmkarlar ittifaqları arasında əməkdaşlıq nəzərdə tutulur?

- İndi məhz hansı sahəvi ittifaqların olacağını deyə bilmərəm, çünki bütün Ukraynada sahəvi həmkarlar ittifaqlarının sayı 42-dir. Kiyev Şəhər Həmkarlar İttifaqları Şurasında regional əməkdaşlığa maraq olduğunu söyləyə bilərəm. Ötən ilin qışında Bakıda keçirilən qurultayda iştirak edərkən S.Mehbalıyevə bununla bağlı müvafiq məktub çatdırmışdım. Bu əməkdaşlıq daha da genişlənsin deyə, azərbaycanlı həmkarlarımız başqa tərəfdaş tapacaqlarını bildirdilər. Həm də paytaxtlarımız arasında tarixən dostluq əlaqələri olub, qarşılıqlı səfərlər təşkil edilib.

Bəs Azərbaycan diasporunun nümayəndələri işlə bağlı problem yarandıqda, yerli həmkarlar ittifaqlarına çoxmu müraciət edirlər?

 - Bu barədə danışmaq bir qədər çətindir, çünki bizim Federasiya müxtəlif həmkarlar ittifaqlarını birləşdirən qurumdur. Hər hansı müəssisədə, idarədə, təşkilatda çalışan insan yerli həmkarlar ittifaqına üz tutur, Federasiyaya yox. Mən iki ildir sədr işləyirəm və bu müddət ərzində birbaşa Federasiyaya diaspor tərəfindən müraciət olunması ilə bağlı hadisə xatırlamıram. Hər hansı məsələ çıxsa, işçi sahəvi həmkarlar ittifaqına müraciət edə bilər və bu zaman, təbii ki, bərabər əsasla öz məsələsinin həllinə bel bağlaya bilər.

- Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri barədə nələr deyərdiniz?

- Bu istiqamətdə qarşılıqlı maraqları olduğu şəksizdir. Əvvəla, Ukraynanın Azərbaycana olan marağı həmin ölkədə neft, qaz hasilatı ilə bağlıdır. Biz də xeyli miqdarda neft-qaz istehlak edən ölkəyik. Bildiyiniz kimi, Rusiya ilə münasibətlərimizdəki gərginliyə görə bu ölkədən neft və qaz idxalını dayandırmışıq və təbii ki, alternativ tədarük mənbələri axtarırıq. Ukrayna Prezidenti Petro Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin son görüşü Türkiyədə keçirilmişdi. Enerji daşıyıcılarının Türkiyə üzərindən nəqli Ukraynanın hazırkı vəziyyətində böyük dəstəkdir. Burada siyasətdən daha çox qarşlıqlı faydalı iqtisadi əməkdaşlıq var. Bundan əlavə, bizdə təyyarə istehsalı inkişaf etdiyi üçün bir sıra sahələrdə yüksək texnologiyalara sahib ölkələrdən biriyik. Biz çox iritutumlu sərnişin və yük təyyarələri istehsal edirik. Bu sahədə də qarşılıqlı faydalı əməkdaşlıq edə bilərik. Həmçinin indi düçar olduğumuz vəziyyət bizi müdafiə sənayesi sahəsində elmi-texniki tədqiqatları artırmağa sövq edir. Azərbaycan Ordusunun modernləşdirildiyini bilirəm, üstəlik, siz də Qarabağ problemi ilə üzləşmisiniz və məncə, bu sahədə də daha dərin əməkdaşlıq əlaqələrimiz qurula bilər. Həmçinin Ukraynanın ən tanınmış ali təhsil ocaqları da nüfuzlarını qoruyub saxlayır, təhsil sahəsində layiqli xidmət göstərə bildiyimizdən məmnunuq. Mənə elə gəlir ki, səhiyyə sahəsində geniş əməkdaşlıq imkanlarımız var.

 - Bayaq xatırlatdığınız kimi, Azərbaycan Dağlıq Qarabağ problemi ilə üzləşib. Artıq 30 ilə yaxındır Ermənistanın hərbi təcavüzünə məruz qalırıq. Bu məsələyə münasibətiniz necədir?

- Elə biz də eyni vəziyyətdəyik, Krım işğal olunub. Hər bir ölkə kimi, biz də sərhədlərin toxunulmazlığına tərəfdarıq. Hər kəsin suveren və müstəqil şəkildə öz ölkəsinin həyatını qurmaq haqqı var. Hər bir hərbi təcavüz, başqa ölkənin torpaqlarının işğalı hər kəsdəki kimi, biz həmkarlar ittifaqlarında da etirazla qarşılanır. Bunu təkcə mən demirəm, beynəlxalq həmkarlar hərəkatının mövqeyi belədir. Suveren hüquqlara hörmət edilməli, təmin olunmalıdır. Bayaq dediyim kimi, 80-ci illərdə mən Naftalan şəhərində olmuşdum, ondan 10 il sonra da oraya getdim. Orada həlak olan Azərbaycan döyüşçülərinin xatirəsinə ucaldılmış abidəni gördüm, müharibənin dəhşətini sezdim. Belə şeylərə etiraz edilməlidir. Hər ölkənin beynəlxalq sənədlərdə təsdiq olunmuş sərhədləri toxunulmaz olmalıdır.

- Sizcə, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılacaqmı?

Madam ki, Azərbaycan torpaqlarıdırsa, əlbəttə. Krım da Ukrayna torpağıdır. Silah gücü ilə, zorakılıqla həyata keçirilən əmməllər pislənilir. Bəli, siyasi müstəvidə çox mürəkkəb proseslər gedir. O vaxt biz Azərbaycanda qurultayda iştirak edəndə, Prezident qanuni sərhədlərin bərpa olunmasının vacibliyini demişdi. Sözsüz ki, bunlar siyasi yolla, qansız-qadasız, insan tələfatına getmədən əldə olunmalıdır.

Son xəbərlər

Orphus sistemi