Prezident: "İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq"

Prezident: "İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq" Bakı. 18 iyul. REPORT.AZ/ Biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər. Bildiyiniz kimi, sabah Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bu tədbirin mənim səfərim çərçivəsində keçirilməsi doğrudan da bizim əməkdaşlığımızın hərtərəfli olmasını və xüsusilə iqtisadiyyat sahəsinin Azərbaycan və İtaliya münasibətlərində nə qədər önəm kəsb etdiyini bir daha göstərir.
Xarici siyasət
18 İyul , 2018 14:01
Prezident: İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ "Biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər. Bildiyiniz kimi, sabah Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bu tədbirin mənim səfərim çərçivəsində keçirilməsi doğrudan da bizim əməkdaşlığımızın hərtərəfli olmasını və xüsusilə iqtisadiyyat sahəsinin Azərbaycan və İtaliya münasibətlərində nə qədər önəm kəsb etdiyini bir daha göstərir.

Bizim münasibətlərimiz siyasi, iqtisadi, energetika baxımından təbii ki, ən əhəmiyyətli rola malikdir. Lakin bundan əlavə, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. Biz fikirləşirik ki, elmin və texnologiyanın hesabına hər iki dövlət arasında mədəniyyət sahəsində olan əməkdaşlığı inkişaf etdirə bilərik. Bu baxımdan qeyd etmək istəyirəm ki, mən Azərbaycanın önəmli universitetlərindən biri olan ADA Universitetində bu gün tələbələrin qarşısında çıxış edəcəyəm. Eləcə də İtaliya hökuməti tərəfindən verilən təqaüdlərin qalibi olan Azərbaycan tələbələrinə həmin təqaüdləri təqdim edəcəyəm".

“Report”un xəbərinə görə, bunu Bakıda səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

"Mən Milanda keçirilən “Ekspo” sərgisi zamanı Azərbaycan pavilyonunu bir daha xatırlatmaq istəyirəm. Çünki Azərbaycan pavilyonu öz möhtəşəmliyi ilə bütün ölkələrin diqqətini cəlb etmişdir. Bu xüsusda Heydər Əliyev Fonduna və onun prezidentinə həm bu pavilyonunun hazırlanmasına, həm də Romada restavrasiya işlərinin görülməsinə və digər tədbirlərin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm.

Mən düşünürəm ki, bizim gənc istedadlar arasında mübadilə aparmaqla da əməkdaşlığımıza əlavə töhfə verə bilərik. Bizim Azərbaycan ilə ikitərəfli və çoxşaxəli münasibətlərimiz bir az bundan öncə imzaladığımız sazişlərlə də bir daha özünü sübut edir. Mən demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır.

Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək.

Cənab Prezident, mən, həmçinin Brüsseldə Qətiyyətli Dəstək sənədinin imzalanması ilə bağlı Sizi bir daha təbrik edirəm. Çünki mən hesab edirəm ki, bu, Azərbaycanın əldə etdiyi uğurlu bir nəticədir. Fikirləşirik ki, bu, daha da inkişaf edəcək. İtaliya NATO çərçivəsində əməkdaşlığına, xüsusən Əfqanıstanda göstərdiyi əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirir. Bildiyiniz kimi, İtaliya bu sahədə də öz xüsusi rolunu oynayır.

Azərbaycan ilə İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur. İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq", - deyə, İtaliya Prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi