Yuxarı

Prezident İlham Əliyev: “Xorvatiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir”

Prezident İlham Əliyev: “Xorvatiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir”

Bakı. 6 sentyabr. REPORT.AZ/ “İlk növbədə, xanım Prezident, məni Xorvatiyaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən, Siz qeyd etdiyiniz kimi, Xorvatiyada özümü evimdəki kimi hiss edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etmək mənim üçün çox xoşdur”.

“Report”un xəbərinə görə, bunu Xorvatiyada rəsmi səfərdə olan Prezident İlham Əliyev xorvat həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.

“Bizim siyasi dialoqumuz çox fəal aparılır. Xanım Prezident qeyd etdiyi kimi, biz tez-tez görüşürük. İki il bundan əvvəl xanım Prezident Azərbaycanda rəsmi səfərdə idi. Səfər çox uğurlu keçmişdir və çox gözəl nəticələri olmuşdur. Keçən il biz bir beynəlxalq konfrans çərçivəsində görüşmüşdük. Bu gün də mən Xorvatiyadayam. Bu göstərir ki, siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır. Xanım Prezidentin qeyd etdiyi kimi, beş il bundan əvvəl Zaqrebdə bu barədə Bəyannamə imzalanmışdır”, - dövlət başçısı əlavə edib.

Prezident iki ölkə arasında strateji tərəfdaşlıq əlaqlərinin genişləndiyini də vurğulayıb: “Strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir. Bu gün bir çox məsələlər müzakirə olundu. Xanım Prezident bu barədə məlumat verdi. Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda müştərək investisiya layihələri də icra edilə bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi