Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul edib.
"Report"un xəbərinə görə, arxiyepiskop Pol Fitzpatrik Rassel fəxri qarovul dəstəsinin qarşısından keçib.
Pol Fitzpatrik Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsi ilə söhbət edib.
Dövlət başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd edib ki, biz bu günə kimi Roma Papası Fransiskin Azərbaycana səfərinin təəssüratı altındayıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikana səfərini məmnunluqla xatırladıb. Roma Papası Fransiskin ölkəmizə səfərini tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşünün önəmini qeyd edib. Prezident İlham Əliyev eyni zamanda bu yaxınlarda Roma Papası Fransiskin xanım Mehriban Əliyevanı qəbul etdiyinə görə minnətdarlığını çatdırıb və qeyd edib ki, bu görüş xanım Mehriban Əliyevada dərin təəssürat hissi yaradıb. Prezident İlham Əliyev salamlarını və ən xoş arzularını Roma Papası Fransiskə çatdırmağı xahiş edib. Münasibətlərimizin yaxşı tarixə malik olduğunu və bir çox sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, mədəniyyət sahəsindəki əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır və bu əməkdaşlığımız həm ikitərəfli münasibətlərin yaxşı əlamətidir, eyni zamanda mədəniyyətlərarası və sivilizasiyalararası qlobal prosesin mühüm elementlərindən biridir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və əminik ki, əlaqələrimiz bundan sonra da möhkəmlənəcək. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəaliyyəti müddətində münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən arxiyepiskop Pol Fitzpatrik Rassel Vatikan ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb. O, bir neçə həftə bundan əvvəl Roma Papası Fransisklə görüşdüyünü qeyd edərək bildirib ki, həmin görüş zamanı Papa Fransisk Azərbaycana səfərini məmnunluqla xatırlayıb və eyni zamanda xoş hisslərlə xanım Mehriban Əliyevanın səfərini gözlədiklərini qeyd edib.
Dövlət başçısı bildirib ki, xanım Mehriban Əliyeva Papa Fransisklə görüşünün çox səmimi və dostluq şəraitində keçdiyini deyib. Prezident İlham Əliyev bunun əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu qeyd edərək bildirib ki, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər.
Arxiyepiskop Pol Fitzpatrik Rassel Prezident İlham Əliyevin fikirlərinə tam şərik olduğunu bildirərək, öz növbəsində, qeyd edib ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında, bir nümunədir.