Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
"Report" xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumun dünyada gedən proseslərə münasibət bildirmək üçün yaxşı platforma olduğunu deyib. Dövlət başçısı qeyd edib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi zəngindir və burada müzakirə edilən məsələlər əhəmiyyətlidir.
Bu mötəbər tədbirin artıq beşinci dəfədir keçirildiyini deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun çox uğurlu olduğunu deyib. Bildirib ki, indiyədək keçirilən forumlarda qəbul edilən qərarlar bütün dünyada böyük nəticələrin əldə olunmasına şərait yaradır.
Görüşdə Azərbaycan, o cümlədən Heydər Əliyev Fondu ilə ISESCO arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, bu əməkdaşlığın beynəlxalq səviyyədə önəmi qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.