Prezident İlham Əliyev Gürcüstanın XİN başçısını qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Gürcüstanın XİN başçısını qəbul edib - YENİLƏNİB Dövlət başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu deyib
Xarici siyasət
13 Fevral , 2017 11:09
Prezident İlham Əliyev Gürcüstanın XİN başçısını qəbul edib - YENİLƏNİB

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. İki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövlət başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu deyib. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da iki ölkənin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd edib. Dövlət başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirdi. Mixeil Canelidze qeyd etdi ki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayan qonaq ötən dövr ərzində əldə olunan nəticələrin əhəmiyyətini diqqətə çatdırdı, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasların olduğunu dedi. Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələlərin olmadığını bildirən Mixeil Canelidze ölkələrimizin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmini də qeyd edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi