Yuxarı

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb - YENİLƏNİB

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembona təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edib. Bu əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti Dünya Bankı ilə işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu bildirib.

Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edən dövlət başçısı ötən il layihənin icrasında mühüm irəliləyişlərin olduğunu və bunun bu il də davam etdirildiyini deyib. 

Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladan dövlət başçısı həmin görüşdə gələcək əməkdaşlıq haqqında geniş müzakirələrin aparıldığını bildirib.

Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyevanın salamlarını dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında dərin məzmunlu nitqində mühüm məsələlərə toxunduğunu vurğulayıb. Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktorunun Davosda Prezident İlham Əliyev ilə görüşdən dərin təəssüratla ayrıldığını bildirib. Mersi Tembon Azərbaycan ilə Dünya Bankı arasında aparılan müzakirələrdə əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin reallaşdırıldığını deyib. 

Prezident İlham Əliyev xanım Kristalina Georgiyevanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Dünya Bankının baş icraçı direktoruna çatdırılmasını xahiş edib.


*** 13:37

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi