Prezident İlham Əliyev Böyük Britaniyanın XİN başçısının müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Böyük Britaniyanın XİN başçısının müavinini qəbul edib - YENİLƏNİB Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
6 Mart , 2017 13:02
Prezident İlham Əliyev Böyük Britaniyanın XİN başçısının müavinini qəbul edib - YENİLƏNİB
AZƏRTAC

***12:00

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev Saymon Makdonaldın Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlərin çox əhatəli olduğunu və əlaqələrimizin genişləndiyini qeyd edib. Prezident İlham Əliyev iki ölkənin enerji sektorunda çox yaxşı əlaqələrə malik olduğunu bildirib, Azərbaycanın BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq etdiyini vurğulayıb. Dövlət başçısı BP-nin ölkəmizin enerji sahəsində əsas strateji tərəfdaşı olduğunu qeyd edərək bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərdiklərini deyib və bunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəldiyini və gələcəkdə iki ölkə arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracağını bildirib.

Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonald Azərbaycana ilk dəfə səfər etdiyini, Bakının müasir bir şəhərə çevrildiyini, yeni memarlıq nümunələrinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək, səfəri çərçivəsində dünyaca məşhur olan Heydər Əliyev Mərkəzi ilə tanış olacağını da bildirib. Saymon Makdonald Azərbaycan ilə Böyük Britaniya arasında əldə edilən razılaşmalara əsasən çoxlu Britaniya şirkətlərinin ölkəmizə sərmayə qoyuluşuna cəlb olunduğunu vurğulayıb. 

Görüşdə Azərbaycanda son illər həyata keçirilən islahatlar, təhsilə göstərilən yüksək qayğı, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışıldı, neftin qiymətinin aşağı düşməsinin şaxələndirmənin sürətlənməsinə təsiri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi və Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən verilən qiymət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi