Prezident İlham Əliyev: "Biz bütün təşəbbüslərdə, beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik"

Prezident İlham Əliyev: "Biz bütün təşəbbüslərdə, beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik" "Azərbaycan şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdırlar"
Xarici siyasət
22 Dekabr , 2015 20:11
Prezident İlham Əliyev: Biz bütün təşəbbüslərdə, beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar".

"Report"un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə keçirilən görüşdə bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Əfqanıstan dost ölkələrdir: "Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Çox şadıq ki, siz bizim ölkəmizə rəsmi səfər edirsiniz. Biz sizin ötənilki səfərinizi müzakirə etdik və xatırladıq. Lakin o, çox qısa səfər idi, bu isə rəsmi səfərdir. Bu, bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Biz ikitərəfli əməkdaşlığımızın müxtəlif aspektlərini qısaca olaraq müzakirə etdik. Biz artıq yaxşı imkanlar və yaxşı nailiyyətlər görürük. Bizim ölkələrimiz dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır. Biz beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparırıq, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə sizin ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik".

"Biz dövriyyəni artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanların mövcud olduğunu müzakirə etdik. Bu gün biz həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. Mən sizə məlumat verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini - Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram ki, biz gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Müzakirə etdiyimiz kimi, Azərbaycan Qətiyyətli Dəstək Missiyasının üzvüdür və biz sizin ölkənizdə sülh və inkişafa töhfə verməyə çalışırıq. Mən sizi və hökumətinizi Əfqanıstanın dəyişikliklərlə əlaqədar əldə olunan nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi