Prezident İlham Əliyev Belarusun ​Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Belarusun ​Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Dövlət başçısı ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib
Xarici siyasət
10 Avqust , 2015 15:30
Prezident İlham Əliyev Belarusun ​Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Bakı. 10 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 10-da Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

"Report" xəbər verir ki, səfir Nikolay Patskeviç ilk növbədə birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və idmançılarımızın əldə etdiyi böyük uğurlar münasibətilə dövlət başçısı İ.Əliyevə təbriklərini çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq və Oyunların keçirilməsi işlərində Azərbaycan xalqının vahid bir komanda kimi çıxış etməsini xüsusilə vurğulayaraq deyib ki, Azərbaycan bu tədbirin belə səviyyədə keçirilməsi ilə bir daha özünü bütün dünyaya müasir, müstəqil və inkişaf edən bir ölkə kimi nümayiş etdirib.

Birinci Avropa Oyunları ilə bağlı deyilən xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlət başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın birlik nümayiş etdirdiyini deyib və iki milyondan artıq insanın məşəlin gətirilməsi mərasimlərində iştirak etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini müstəqillik dövründə həm miqyas, həm də milli ruhun yüksək olması baxımından ən böyük hadisələrdən biri kimi qiymətləndirib.

Səfir Nikolay Patskeviç Belarus-Azərbaycan münasibətlərinə toxunaraq bu münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Azərbaycan və Belarus prezidentlərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində qarşıya qoyduqları vəzifələrin uğurla icra olunduğunu deyib. İki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan səfir Azərbaycanla Belarusun beynəlxalq səviyyədə də sıx əməkdaşlıq etdiyini bildirib və iki ölkə arasında mövcud olan qarşılıqlı hörmət və səmimi münasibətlərin xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Nikolay Patskeviçin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib. Azərbaycan Prezidenti əlaqələrin daha da genişləndirilməsi ilə bağlı dövlət başçıları tərəfindən müəyyən edilmiş vəzifələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirib. Dövlət başçısı Belarus-Azərbaycan əlaqələrinin dostluq münasibətləri əsasında inkişaf etdiyini vurğulayıb. İkitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyi ifadə edən Prezident İlham Əliyev Nikolay Patskeviçə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi