Prezident İlham Əliyev: "Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanında olacaq"

Prezident İlham Əliyev: "Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanında olacaq" A​zərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xarici siyasət
16 Sentyabr , 2015 15:40
Prezident İlham Əliyev: Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanında olacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Feridun Sinirlioğlunu Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb. F.Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bir ənənə olaraq iki ölkənin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlət başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd edib. Prezident İlham Əliyev bildirib ki, bu gün iki ölkə arasında elə bir sahə yoxdur ki, uğurla inkişaf etməsin. Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlığının yaxşı nəticələr verdiyini deyən dövlət başçısı qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı mütəmadi olaraq aparılan müzakirələrin önəmini qeyd edib. Prezident İlham Əliyev bu yaxınlarda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını və ikitərəfli məsələlərlə bağlı müzakirələr apardığını xatırladaraq Azərbaycanın bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu deyib. Dövlət başçısı Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun Azərbaycana bu səfərinin də ikitərəfli və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Feridun Sinirlioğlu Türkiyənin xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu deyib. O, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş naziri Əhməd Davudoğlunun salamlarını dövlət başçısına çatdırıb. F.Sinirlioğlu öz növbəsində həm Azərbaycanın, həm də Türkiyənin dövlət və hökumət başçılarının, müxtəlif səviyyəli qurumların rəhbərlərinin ilk səfərlərini qardaş ölkələrə etməsinin gözəl bir ənənə olduğunu və bunun davam etdirilməsinin önəmini qeyd edib. Azərbaycanın Türkiyə üçün qardaş və tərəfdaş ölkə olduğunu vurğulayan qonaq Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq ümummilli lideri, ulu öndər Heydər Əliyevin zamanında və Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şəxsən şahidi olduğunu bildirib. O, Bakıya budəfəki səfəri zamanı da gördüklərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək Azərbaycanın son 23 ildə fövqəladə şəkildə inkişaf etdiyini vurğulayıb. F.Sinirlioğlu Türkiyənin Azərbaycanı “G-20”nin Antalyada keçiriləcək zirvə toplantısına dəvətini bir daha diqqətə çatdırıb.

Prezident İlham Əliyev dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi