Yuxarı

Praqada “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib

Praqada “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib
İclasa Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyevin sədrlik edib

Bakı. 24 may. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Çexiyadakı səfirlərinin Praqa Qrupunun (PQ) və Çexiyanın əsas ali təhsil müəssisəsi olan Karl Universitetinin birgə təşkilatçılığı ilə bu gün Praqada “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, toplantıya Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev sədrlik edib. 

Konfransda Çexiyanın dövlət qurumları, parlamentin üzvləri, ictimaiyyətin nümayəndələri, Karl Universitetinin professor və tələbələri iştirak ediblər.

İki paneldən ibarət təşkil edilən konfransda Karl Universitetinin rektoru Tomaş Zima, Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və Misir səfiri çıxış ediblər. Daha sonra əsas çıxışçı qismində İslam üzrə məhşur ingilis alimi Karen Armstrong, Çexiya müdafiə nazirinin müavini Yakub Landovski və Karl Universitetinin professorları nitq söyləyiblər. 

İƏT Praqa Qrupunun sədri qismində çıxış edən F.Şəfiyev konfransın əhəmiyyəti haqqında danışıb və tədbirin təşkil edilməsində əsas məqsədin Çexiya və müsəlman ölkələri arasında münasibətlərin müxtəlif aspektlərini müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Səfir xüsusilə dünyada artmaqda olan ksenofobiya, islamafobiya, dözümsüzlük halları müstəvisində konfransın düzgün vaxtda təşkil edildiyini və problemli məsələlərin ayırıcı xətlər əsasında deyil, birgə anlaşma vasitəsilə həll edilməsinin əhəmiyyətini qeyd edib. Diplomat bu xüsusda Azərbaycanı nümunə gətirərək, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda etnik, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların stabillik şəraitində dinc yaşadıqlarını diqqətə çatdırıb.

Səfir həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini, Bakıda həm İslam Həmrəyliyi Oyunlarının, həm də iki il öncə ilk Avropa Oyunlarının təşkil edildiyini xüsusilə vurğulayıb və bunu ölkənin apardığı siyasətin müvəffəqiyyətli nəticəsi kimi qiymtələndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi