Yuxarı

Polşa Prezidenti: “Ümidvaram ki, Azərbaycanla energetika sahəsində çox sıx əməkdaşlıq quracağıq”

Polşa Prezidenti: “Ümidvaram ki, Azərbaycanla energetika sahəsində çox sıx əməkdaşlıq quracağıq”

“Bu gün mən, həmçinin Vuc şəhərinə Sizin dəstəyinizi xahiş etdim”

Bakı. 27 iyun. REPORT.AZ/ “Prezident İlham Əliyevi Polşada məmnuniyyətlə salamlayıram. Bu, sırf onunla bağlı deyil ki, o, dövlət başçısıdır. O, həmçinin elə bir insandır ki, Polşa Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Əslində, sonuncu dəfə rəsmi səfər 2008-ci ildə - 9 il əvvəl olmuşdur. Həmin vaxt cənab Prezident ölkə başçısı, professor Lex Kaçinski ilə görüşlər keçirdi. Yaxşı xatirimdədir ki, biz cənab Prezidenti və onun xanımını prezident sarayı qarşısında səmimiyyətlə qarşıladıq. Çox şadam ki, cənab Prezident, Siz yenidən Varşavadasınız.

Sizin səfəriniz çərçivəsində bu gün biz ölkələrimiz arasında bir çox sənədləri imzaladıq. Hesab edirəm ki, bu sənədlərin məqsədi əməkdaşlığın, xüsusən də iqtisadi, elmi, siyasi əməkdaşlığın genişləndirilməsi deməkdir. Çünki imzaladığımız sənədlər ölkələrimiz arasında siyasi əməkdaşlığımızı, strateji tərəfdaşlığımızı inkişaf etdirəcək və bu da çox vacibdir. Cənab Prezident, mən çox şadam ki, ölkələrimizin iqtisadi potensialı, sözün əsl mənasında, çox böyükdür və ticari mübadilələrimiz həyata keçirilir. İl ərzində onun həcmi 100 milyon dollar civarındadır”.

“Report”un məlumatına görə, bunu Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

A.Dudanın sözlərinə görə, iqtisadi imkanların geniş olmasına baxmayaraq, əməkdaşlıq hələ ki, istənilən səviyyədə deyil: “Bu gün sənədlər imzalandı. Cənab Prezident, çox böyük səmimiyyətlə onu gözləyirəm ki, bu gün biz Sizinlə birgə biznes forumu açıq elan edəcəyik və ölkələrimizin işgüzar dairələri həmin tədbir çərçivəsində görüşəcəklər. Bu, əslində ölkə prezidentlərinin məhz iqtisadi əməkdaşlığa, məhz şirkətlər arasındakı əməkdaşlığa böyük dəstəyinin göstəricisidir.

Cənab Prezident, çox sağ olun ki, məni Azərbaycana, Bakıya dəvət etdiniz. Elə indicə - bizim geniş tərkibdə görüşümüz zamanı Sizin qeyd etdiyiniz kimi, baxmayaraq, böyük bir vaxt keçibdir, lakin bu rəsmi səfəriniz üçün bizim hazırlıq işlərimiz əslində yaxşı nəticə verdi, ölkələrimiz arasında sənədlər imzalandı.

Cənab Prezident, Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk ki, Siz Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə dəstək verdiniz. Mən buna görə Sizə çox minnətdaram. Siz gördünüz ki, bir çox səslər bizim ölkəmizin namizədliyinin lehinə verildi. Bizim seçilməyimiz bütövlükdə BMT-nin 190 üzvü arasında böyük dəstəyə malik olduğumuzu göstərdi. Çox şadıq ki, 2018-2019-cu illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacağıq. Bu, həmçinin bizim beynəlxalq arenada mövqeyimizin gücləndirilməsi deməkdir. Buna görə Sizə çox minnətdaram, cənab Prezident. Bu gün mən, həmçinin Vuc şəhərinə Sizin dəstəyinizi xahiş etdim. Çünki biz orada 2022-ci ildə sərgi təşkil etmək fikrindəyik. Ümidvaram ki, Azərbaycan Prezidentinin verdiyi dəstək sayəsində Polşanın belə bir gözəl şəhərinin namizədliyi keçəcək və bir neçə ildən sonra biz qonaqları orada salamlayacağıq.

Xanımlar və cənablar, bizim cənab Prezidentlə çox yaxşı fikir mübadiləmiz oldu. Biz bir çox məsələlərə toxunduq. Biz əvvəlcə təmaslarımızın inkişafı haqqında danışdıq. Biz, həmçinin beynəlxalq proseslərə diqqət yetirdik və öz mülahizələrimizi bildirdik ki, vəziyyət nədən ibarətdir və necə dəyərləndirilməlidir. Təbii ki, bu vəziyyətin dəyərləndirilməsində də mövqelərimiz üst-üstə düşür. Bir çox strateji məsələlərə gəldikdə, cənab Prezidentin tutduğu mövqe mənim fikirlərimlə üst-üstə düşür. Biz bundan çox məmnunuq. Cənab Prezident, Sizə təşəkkür edirəm ki, fikir mübadiləmiz baş tutdu, Ukrayna haqqında danışdıq, Donald Trampın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi.

Cənab Prezident, həmçinin Sizə təşəkkürümü bildirirəm ki, Siz Avropa ilə Asiya arasında iqtisadi baxımdan əlaqələrin gücləndirilməsi barədə fikirlərinizi bildirdiniz. Qeyd etdiniz ki, nəqliyyat sahəsində bizim əlaqələrimiz genişlənməlidir. Çox istərdik ki, Azərbaycan ilə Polşa arasında birbaşa dəmir yolu xətti Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılsın. Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur. Hesab edirik ki, biz bu perspektiv sayəsində, həmçinin ticari münasibətlərimizi və təmaslarımızı genişləndirəcəyik. Bizim qarşımızda həm Polşa, həm Azərbaycan üçün böyük imkanlar açılacaq. Bu səbəbdən iqtisadi münasibətlərimiz ikitərəfli münasibətlərimizin vacib bir hissəsidir. Mən çox şadam ki, bizim Asiya regionu ilə iqtisadi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövqeyimiz üst-üstə düşür. Cənab Prezidentlə biz istərdik ki, bu layihələri həyata keçirək.

Enerji əməkdaşlığımıza da toxunduq. Ümidvaram ki, biz energetika sahəsində də çox sıx əməkdaşlıq quracağıq. Bu ideyalar hələ professor Lex Kaçinski Polşanın Prezidenti olduğu vaxtda irəli sürülmüşdür.

Cənab Prezident, ümidvaram ki, biz bu münasibətləri daha da intensivləşdirməyə müvəffəq olacağıq. Qeyd etmək istəyirik ki, bu layihələr Lex Kaçinskinin vaxtında irəli sürülmüşdür. Çox şadam ki, cənab Prezident, Siz ölkəmizə, Varşavaya səfərə gəlmisiniz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi