Politoloq: “Gürcüstan siyasi baxımdan çıxılmaz vəziyyətdədir”

Politoloq: “Gürcüstan siyasi baxımdan çıxılmaz vəziyyətdədir” “Gürcüstanda böhran çoxdandır yaranıb və bunun da səbəbi hökumətin qeyri-peşəkarlığıdır”.
Xarici siyasət
22 İyun , 2019 15:29
Politoloq: “Gürcüstan siyasi baxımdan çıxılmaz vəziyyətdədir”

“Gürcüstanda böhran çoxdandır yaranıb və bunun da səbəbi hökumətin qeyri-peşəkarlığıdır”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında politoloq Tengiz Txilava bildirib.

Onun sözlərinə görə, Abxaziyada döyüşdüyü iddia olunan rusiyalı deputat Sergey Qavrilovun Tbilisiyə dəvət olunması səhv addımdır: “Hakim komanda üzvlərinin rusiyalı deputatın parlamentdə spikerin kreslosunda əyləşməsinin razılaşdırılmadığını bildirərək, özlərinə haqq qazandırmaları isə növbəti ağılsızlıq olub. Hamıya məlumdur ki, bu cür tədbirlərin proqramı və gündəliyi öncədən təsdiqlənir”.

Politoloq bildirib ki, iyunun 20-də Tbilisidə keçirilən kütləvi etiraz aksiyasının amansızcasına dağıdılmasına yol verilməməli idi: “Gürcüstanda son hadisələr siyasi elitanın tam məsuliyyətsizliyini göstərdi. Ölkə siyasi baxımdan çıxılmaz vəziyyətdədir və cəmiyyətədə bədbin əhval-ruhiyyə hökm sürür”.

T.Txilava deyib ki, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi az ehtimal olunur: “Lakin hakim Gürcü Arzusu Partiyası reytinqini sürətlə itirir. Bəlkə də hakimiyyət bu reytinqin sıfıra yaxınlaşmasını gözləməyərək, vəziyyətdən xilas olmaq üçün bir aydan sonra növbədənkənar parlament seçkilərinə gedəcək”.

Politoloqun sözlərinə görə, Gürcüstanda müxalifət də nüfuzunu getdikcə itirir və üçüncü qüvvəyə ehtiyac duyulur: “Ötəngünkü aksiya göstərdi ki, yeni nəsil artıq nə hakimiyyət, nə də müxalifətə inanır. Həmin gənclərdən üçüncü qüvvənin yetişməsi üçün isə zaman tələb olunur”.

T.Txilava Rusiya prezidenti Vladimir Putinin yerli aviaşirkətlərin iyulun 8-dən etibarən Gürcüstana uçuşların qadağan olunması ilə bağlı qərarının mümkün təsirlərini də şərh edib. Onun fikrincə, Gürcüstanda rusiyalı turistlərə hədəflənmiş biznes zərərlə üzləşəcək: “Gürcüstan iqtisadi baxımdan Rusiyanı unutmalı, yeni imkanlar və bazarlar tapmalıdır. Əlbəttə ki, bu, uzun zaman və zəhmət tələb edən prosesdir. Bunun üçün həm də yorulmadan davamlı iş aparılmalıdır”.

Son xəbərlər

Orphus sistemi