Bakı. 29 may. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən “28 May – Respublika günü” münasibətilə bu ölkənin paytaxtı Ottava şəhərinin meriyası önündə Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Ottavada yaşayan Azərbaycan icması və Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları iştirak edib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirakçılar önündə çıxış edərək, Respublika gününün əhəmiyyətindən danışıb və Azərbaycanın dövlətçilik ənənələrini bərpa edən Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk parlament respublikası olduğunu və bir sıra qərb dövlətlərindən öncə qadınların seçki hüququnu tanıdığını vurğulanıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə üzləşdiyi problemlərə baxmayaraq, ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı meriya önündə ucaldılıb.