Elmar Məmmədyarov: "Ötən 25 ildə Azərbaycan və Türkiyə uğurlu yol qət edib"

Elmar Məmmədyarov: "Ötən 25 ildə Azərbaycan və Türkiyə uğurlu yol qət edib" Azərbaycan XİN başçısı türkiyəli həmkarına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
14 Yanvar , 2017 14:33
Elmar Məmmədyarov: Ötən 25 ildə Azərbaycan və Türkiyə uğurlu yol qət edib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğluna təbrik məktubu ünvanlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, Elmar Məmmədyarov məktubda həmkarı Mövlud Çavuşoğlunu Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.

Məktubda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının dövlətlərimizin və xalqlarımızın əlaqələrinin ruhunu və sarsılmaz özülünü təşkil etdiyi qeyd olunaraq, ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb və tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyi vurğulanıb.

Elmar Məmmədyarov bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilən dövlətlər arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqların tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərimizin xalqlarımızın rifahına, regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulub.

Son xəbərlər

Orphus sistemi