Yuxarı

Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıb

​Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıb

Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə Bolqarıstanın tarixi və mənəvi paytaxtı olan Veliko Tırnovo Şəhər Bələdiyyəsi arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında saziş imzalanıb.

"Report" xəbər verir ki, sazişə əsasən Naxçıvan şəhəri ilə Veliko Tırnovo qardaşlaşmış şəhər elan olunub.

Azərbaycanın Bolqarıstandakı səfiri xanım Nərgiz Qurbanova Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə Veliko Tırnovo şəhərində təşkil olunmuş “Azərbaycanın inciləri” adlı fotosərginin açılışında iştirak edib. Azərbaycanın Bolqarıstandakı səfirliyi və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə paytaxt Bakı və Naxçıvan şəhərlərinin tarixini, mədəniyyət və turizm potensialını əks etdirən fotolar nümayiş olunub.

N.Qurbanova çıxış edərək deyib ki, 95 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikasının paytaxtı qədim Naxçıvan şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərində sərginin təşkili rəmzi məna daşıyır. Naxçıvan şəhəri dünyada ilk insan məskənlərindəndir. Tarixi qaynaqlara görə, şəhərin adı Nuh Peyğəmbərlə bağlı olub “Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” mənasını ifadə edir. Nuh Peyğəmbərin qəbri də məhz Naxçıvan şəhərində yerləşir. Naxçıvan ərazisindəki arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr Naxçıvan şəhərinin 5 min ildən çox yaşı olduğunu sübut edir. Naxçıvan ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə əvəzsiz töhfələr bəxş edib. YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il keçirilmiş 13-cü sessiyasında “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısına daxil edilməsi bunu bir daha təsdiq edir.

Səfər çərçivəsində N.Qurbanova Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov ilə görüşlər keçirib, Bakı Slavyan Universiteti ilə Veliko Tırnovo Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Mətbuat konfransında iştirak edən səfir ölkələr arasındakı əlaqələr və həyata keçirilən layihələr, qarşılıqlı faydalı əməkdaşlıq və yenicə qurulmuş Naxçıvan – Veliko Tırnovo əlaqələrinin əhəmiyyəti barədə danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi