Yuxarı

Münhen Təhlükəsizlik Konfransında 35 dövlət və hökumət başçısı, 80 nazir iştirak edəcək

​Münhen Konfransına 35 dövlət və hökumət başçısı, 80 nazir qatılacaq

Bakı. 13 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı fevralın 15-dən 17-dək keçiriləcək.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu il Münhen Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edəcək.

Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.

Konfransda iştirakdan imtina edənlər arasında Fransa Prezidenti Emmanuel Makron və İsrail Baş naziri Binyamin Netanyahu kimi şəxslər var. Eyni zamanda, Netanyahu ABŞ və Polşa tərəfindən təşkil edilən Yaxın Şərq Təhlükəsizlik Konfransına qatılacaq. Bu konfrans fevralın 13-14-də Varşavada keçiriləcək.

Münhendə ABŞ-ı vitse-prezident Mayk Pens, Nümayəndələr Palatasının sədri Nensi Pelosi, həmçinin Trampın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner təmsil edəcək.

Bu il Münhen Təhlükəsizlik Konfransında həmçinin Almaniya kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO Baş katibi Yens Stoltenberq iştirak edəcəklər.

Konfransda əsas mövzulardan biri ABŞ-ın NATO üzrə tərəfdaşlarını, o cümlədən Almaniyanı hələ də müdafiə xərclərinin səviyyəsini ÜDM-in 2 faizi göstəricisinə çatdırmadığına görə sərt tənqid etməsi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi