Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının XII iclası olub

Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının XII iclası olub Komissiyanın növbəti iclasının gələn ilin yazında keçirilməsi qərara alınıb
Xarici siyasət
23 Dekabr , 2014 18:04
Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının XII iclası olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan parlamentində Milli Məclislə (MM) Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının on ikinci iclası olub. Bu barədə “Report”a MM-in mətbuat xidmətindən bildirilib.

İclası Milli Məclis Sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov açıb. O, gündəliklə əlaqədar bildirib ki, bugünkü iclasda Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının tərkibində hər iki tərəfdən olan dəyişikliklər, komissiyanın 2014-cü ildəki fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr barədə məlumatlar dinləniləcək: “Energetika sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti, perspektivləri və qanunvericilik baxımından hüquqi təminatı məsələsi müzakirə olunacaq. Rusiya ilə Azərbaycanın regionlararası əməkdaşlıq potensialının inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. On ikinci iclasda Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının 2015-ci ilə dair iş planı da müəyyənləşdiriləcək. Həmçinin komissiyanın növbəti, on üçüncü iclasının mövzusu, vaxtı və yeri dəqiqləşdiriləcək”.

Valeh Ələsgərov qeyd edib ki, on birinci iclasdan ötən müddətdə komissiya üzvləri arasında Azərbaycan tərəfin tərkibində heç bir dəyişiklik olmayıb, tərkib stabildir. Açılış nitqinin sonunda Milli Məclis sədrinin müavini komissiyanın işinin uğurlu olacağına, iki ölkə və xalq arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik ifadə edib.

Sonra Rusiya Federasiya Şurasının sədr müavini, komissiyanın həmsədri İlyas Umaxanov Azərbaycanın iri addımlarla irəliləməkdə olduğunu xüsusi vurğulayıb. İlyas Umaxanov ölkəsindəki son seçkilərlə əlaqədar başçılıq etdiyi komissiyanın Rusiya tərəfdən yenilənmiş tərkibi ilə azərbaycanlı həmkarlarını tanış edib. O, budəfəki seçkilərdə gender baxımından böyük dəyişikliklər olduğunu, nəticədə mandat alanların 30 faizini qadınların təşkil etdiyini bildirib.

İclasda gündəlikdəki məsələlər müzakirə olunub. Komissiya üzvləri rəy və təkliflərini bildiriblər.

Komissiyanın iclasından sonra həmsədrlər mətbuat konfransı keçirdilər. Jurnalistlərə məlumat verildi ki, iclasda iki ölkə arasındakı bərabərhüquqlu əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı vətəndaşlıq, miqrasiya, logistik mərkəzlərin yaradılması, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin problemləri diqqət mərkəzində olub. Bildirilib ki, komissiyanın növbəti iclasının gələn ilin yazında keçirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi