Milli Məclisin deputatı OIF-i Yerevandakı toplantısına görə tənqid edib

Milli Məclisin deputatı OIF-i Yerevandakı toplantısına görə tənqid edib Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov Organisation İnternationale de la Francophonie (OIF) Ermənistanda ölkə başçılarının iştirakı ilə keçirilən toplantısından danışıb.
Xarici siyasət
22 Oktyabr , 2018 18:36
Milli Məclisin deputatı OIF-i Yerevandakı toplantısına görə tənqid edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov "Organisation İnternationale de la Francophonie" (OIF) Ermənistanda ölkə başçılarının iştirakı ilə keçirilən toplantısından danışıb.

“Report”un məlumatına görə, Ş.İsmayılov bildirib ki, OIF əhalisi tam və ya qismən fransız dilli olan və yaxud fransız mədəniyyəti ilə sıx ünsiyyəti olan ölkələri və regionları təmsil edən beynəlxalq təşkilatdır: 

“Heç təəccübləndirici deyil ki, bu təşkilatı öz kirli siyasi oyunlarında istifadə etmək istəyən ölkələrin siyahısında Ermənistanı da tapa bilərik. Hələ 2010-cu ildə təşkilatda müşahidəçi qismində iştirak edən Ermənistan höküməti, təşkilatın İsveçrədə keçirilən 13-cü sammitində Qarabağ məsələsini gündəmə gətirib. Öz xeyirlərinə qətnamənin qəbul olunması üçün dəfələrlə cəhd etmələrinə baxmayaraq, təşkilat yekun qətnamədə Minsk qrupunun sülh prinsiplərinin əsas tutulmalı olduğunu bəyan edib. Öz ampluasını dəyişmədən, Ermənistan höküməti ona heç bir aidiyyəti və bağlılığı olmayan Frankofoniya təşkilatında fəal iştirak etməyə davam etmiş, hətta 2015-ci ilin oktyabr ayında təşkilatın nazirlərarası konfransına Yerevan da ev sahibliyi edib. Konfrans müddətində Ermənistan tərəfindən gündəliyə gətirilən Frankofonia, Region və Sülh, Müxtəliflik və dialoq, 21-ci konfransa aid olan iqlim dəyişikliyi və soyqırımın qarşısının alınması ilə bağlı qətnamələr qəbul olunub. Digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən ölkənin, soyqırımı, sülh və müxtəlifliklə bağlı məsələlər müzakirə olunan konfransa ev sahibliyi etməsi cəfəngiyatdır. Lakin təşkilat daxilində cəfəngiyat bununla məhdudlaşmamışdır, fransız dili və mədəniyyətinə heç bir bağlılığı olmayan Ermənistanın Yerevan şəhərində 17-ci sammit keçirilib. Elə məhz sözügedən 17-ci sammit təşkilatla əlaqədar tənqidlərə son nöqtəni qoydu. Təşkilatın baş katibi M.Janın çıxışları təşkilatın əsl mahiyyətini və vəziyyətini kifayət qədər aydın şəkildə təsvir etdi. M.Janın təşkilatla əlaqədar verdiyi tənqidi açıqlamalarında qeyd etdiyi kimi, təşkilat şəxsi məqsədlərə xidmət edir və “demokratiya”, “hüquqlar” və “azadlıqlar” sözlərinin mənası təhrif olunmuş sadə sözlər səviyyəsində qəbul etdirilir. Sammitin keçirilməsində heç bir rolu olmayan Nikol Paşinyanın Sammit dövründə davranışı gülüş doğururdu. Özündən əvvəlki hökümətin fəaliyyətinin nəticəsi olan sammiti öz nailiyyəti kimi təqdim edərək Nikol Paşinyan bir daha dünyaya öz siyasi delitantlığını və təcrübəsizliyini nümayiş etdirdi. Sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün də Frankofoniya Təşkilatı barədə baş katibin sözlərini eşitmək o qədər də xoş deyildi. Sammitin keçirilməsi yalnız təşkilatın baş katibi deyil, həmçinin bir sıra nüfuzlu alim və siyasətçi tərəfindən tənqid olunmuşdu. Tənqidlərin əsas səbəbi Ermənistanın Fransa mədəniyyəti, dili və ya tarixinə heç bir aidiyyəti olmamasına baxmayaraq, bu təşkilatda belə yaxından iştirak etməsi, hətta sammit və konfranslara ev sahibliyi etməsidir. Ümumi əhalisinin yalnız 10,000-nin, faiz nisbətində 0.33%-nin fransız dilində danışan ölkənin Frankofoniya adlanan təşkilatın tam hüquqlu üzvü olması gülməlidir. Ermənistanın Ottavadakı konsulu bu tənqidlərə cavab olaraq qeyd edib ki, Ermənistanda böyük fransız diasporu mövcuddur. Maraqlısı odur ki, əhalisinin 99%-i monoetnik olan Ermənistanda hansı diaspordan və ya müxtəliflikdən söhbət gedə bilər? Təşkilatın və sammitin tənqidçiləri sırasında həmçinin Kvebek şəhərinin meri Regis Labeaume də vardı. Labeaume qeyd edib ki, 10 ildir ki, merdi və həmin təşkilatın üzvüdür və hələ də başa düşmür ki, bu təşkilatın onlara nə xeyri var. O qeyd edib ki, bu təşkilat “rəsmilərin yığıncağı” və “karyerasının sonuna çatmış siyasətçilər üçün eniş zolağıdır”. Ottava Universitetinin alimi Martin Nomandın da qeyd etdiyi kimi, təşkilata qəbul kriteriyası çox yumşaldılıb və Ermənistan kimi fransız dilinə aidiyəti olmayan ölkələrin daxil edilməsi fransız dilinin statusunu aşağı salır. O hesab edir ki, belə sadələşdirilmiş üzvləşmə prosesi və fəaliyyətlə təşkilatın fransız dilinin təbliğində və öyrənilməsində rolu tamamilə itir. Bütün bunlar Frankofoniya təşkilatının öz məqsəd və dəyərlərindən kənar fəaliyyət göstərdiyinin və Ermənistan kimi kirli siyasi oyunlarını aparmaq üçün beynəlxalq arena axtaran ölkələrin toplaşma yerinə çevrilməsini bir daha təsdiq edir. Bu cür yanaşma ilə isə çətin ki, vaxtilə dünyada çox güclü mövqeyə malik olan fransız dilini müasir dünyada yenidən məşhurlaşdırmaq olsun”. 

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi