Yuxarı

Milli Məclisin Aparat əməkdaşları Tbilisidə “Şərq tərəfdaşlığı” ölkələri üçün qış təlimində iştirak edirlər

Tbilisi. 12 fevral. REPORT.AZ/ Tbilisidə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin parlament aparatlarının nümayəndələri üçün “Güclü parlamentlər üçün araşdırma işi” adlı Qış Akademiyası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki,fevralın 15-dək davam edəcək təlimi Gürcüstan parlamenti və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) təşkil edib.

Azərbaycanı tədbirdə Milli Məclis Aparatının Analitik-informasiya şöbəsinin baş məsləhətçisi Anar Əkbərov və İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Vasif Əmiraslanov təmsil edir.

A.Əkbərov jurnalistlərə açıqlamasında bildirib ki, təlimdə parlamentlərarası əməkdaşlıqla yanaşı, parlament aparatlarının fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri də müzakirə olunur: “Tədbirdə parlament əməkdaşlarının qanunvericilik prosesinə daha hazırlıqlı olması, daha güclü idarəçilik üçün əməkdaşların hansı töhfələri verə biləcəkləri məsələləri nəzərdən keçirilir. Təlim çərçivəsində Almaniya Bundestaqının bu sahədə təcrübəsi, araşdırma şöbələrinin qanunvericilik prosesinə töhfəsi, informasiya sorğularının cavablandırılması, ictimai iştirakçılıq və digər məsələlər təqdim və müzakirə olunur”.

Aparat rəsmisinin sözlərinə görə, təlimdə Azərbaycan parlamentinin bu sahədəki təcrübəsi təqdim olunub: “Təlim iştirakçıları Azərbaycanda qanunvericilik prosesinin hansı mərhələlərdən ibarət olması, parlamentin şöbə və komitələrinin qanunvericilik prosesindəki iştirakı ilə bağlı təcrübəsilə tanış olublar”.

A.Əkbərov qabaqcıl təcrübə ilə tanış olmaq baxımından təlimi çox faydalı qiymətləndirib: “Tədbirdə parlament əməkdaşlarının daha səmərəli fəaliyyəti üçün hansı işlərin görülməsi ilə bağlı yeniliklər, qabaqcıl təcrübə öyrənilir və çox faydalı fikir mübadiləsi aparılır”.

O qeyd edib ki, təlim çərçivəsində Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətləri də müzakirə olunub: “Ümid edirik ki, bu platformadan və yaradılmış imkanlardan istifadə edərək Milli Məclis üçün daha faydalı olacaq layihələri gələcəkdə tətbiq edə biləcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi