​Milli Məclisdə ukraynalı deputatlarla görüş keçirilib

​Milli Məclisdə ukraynalı deputatlarla görüş keçirilib Görüşdə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
30 Mart , 2015 19:14
​Milli Məclisdə ukraynalı deputatlarla görüş keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Milli Məclisdə Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisindəki nümayəndə heyətinin Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirilib.

MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın QDİƏT Parlament Məclisində nümayəndə heyətinin üzvü, deputat Musa Quliyev hər iki ölkə və xalqları arasında hər zaman möhkəm dostluq əlaqələrinin olduğunu qeyd edib. Bildirilib ki, vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Ukrayna ilə dostluq münasibətlərinə böyük önəm verirdi: "Bu gün əlaqələrimiz yüksək səviyyədədir. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir".

Qanunvericilik orqanları arasında münasibətlərdən bəhs edən Musa Quliyev bu sahədə Azərbaycan Milli Məclisində və Ukrayna Ali Radasında fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının rolunu xüsusi qeyd edib. Eyni zamanda, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını təqdir edib. O, hər iki ölkənin QDİƏT Parlament Məclisində təmsil olunan nümayəndə heyətləri arasındakı münasibətləri yüksək dəyərləndirib.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Parlamentlərarası münasibətlərin möhkəmlənməsində dostluq qruplarının faydalı əməkdaşlığının, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. Qonaq Ukraynanın QDİƏT Parlament Məclisində nümayəndə heyətinin yeni formalaşdığını bildirərək qeyd edib ki, onlar azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Görüşdə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi