​Millət vəkilləri Çiliyə səfər edib

​Millət vəkilləri Çiliyə səfər edib Səfər zamanı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Xarici siyasət
14 Mart , 2015 22:59
​Millət vəkilləri Çiliyə səfər edib

Bakı. 14 mart. REPORT.AZ/ 12-13 mart tarixlərində Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Muxtar Babayevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Çilidə səfərdə olub.

Azərbaycanın Çilidəki diplomatik missiyasından “Report”a verilən məlumata görə, nümayəndə heyətinə, habelə millət vəkilləri Asim Mollazadə və Aslan Cəfərov daxil olub.

Səfər vaxtı Azərbaycan nümayəndə heyəti Çili Senatının sədri Patricio Valker Prieto, Deputatlar Palatasının sədri Aldo Cornejo Gonzales, Çili Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçirmişlər.

Görüşlərdə Azərbaycan və Çili arasında parlamentlərarası əlaqələrin inkişafı, bu xüsusda dostluq qrupları arasında təmasların gücləndirilməsi, habelə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə parlamentlərin verəcəyi dəstək mövzuları müzakirə olunmuşdur. Görüşlərdə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın enerji strategiyası, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələr kimi mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır. Çili parlamentarları 2014-cü ildə Azərbaycanın Çilidə diplomatik nümayəndəliyinin təsis edilməsini yüksək qiymətləndirmiş və bu yaxınlarda Çili Milli Konqresində qəbul olunmuş, Çilinin də Azərbaycanda tezliklə diplomatik missiyasının fəaliyyətə başlamasının vacibliyi ilə əlaqədar parlament adından hökumətə müraciəti nəzərdə tutan qətnamənin surətini Azərbaycan nümayəndə heyətinə təqdim etmişdir.

Səfər çərçivəsində Azərbaycan parlamentarları Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə də görüşlər keçirmişlər. Görüşlərdə Azərbaycan-Cili əməkdaşlığının genişləndirilməsi üçün kənd təsərrüfatı, şərabçılıq, neft və qaz, dağ-mədən, elm və texnologiya sahələrində geniş imkanların mövcudluğu bildirilmiş, bu xüsusda iki ölkənin müvafiq qurumları arasında təmasların gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur. Əlaqələrin inkişafı üçün iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin, biznes missiyaların təşkili, müqavilə-hüquq bazasının inkişafının əhəmiyyəti də vurğulanmışdır. Tərəflər iki ölkənin xalqları arasında təmasların yaxınlaşması üçün turizm, təhsil, mədəniyyət və humanitar sahələrdə də əlaqələrin təşviqinin vacibliyini bildirmişlər. Görüşlərdə, habelə regional məsələlər, Azərbaycan və Çilinin yerləşdiyi bölgələrdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparılmışdır.

Səfər vaxtı, eyni zamanda Çili Xarici İşlər Nazirliyinin Andres Bello adına Diplomatik Akademiyasında “Azərbaycanın inkişaf strategiyası” mövzusunda təqdimat keçirilmişdir. Tədbirdə çıxış edən millət vəkilləri Muxtar Babayev və Asim Mollazadə Azərbaycanın dövlətçilik ənənələri, son illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlər, regional liderliyi, həyata keçirdiyi strateji enerji və infrastruktur layihələri, qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, dünyada sülhün bərqərar olunmasına verdiyi töhfələr, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, münaqişənin yaratdığı humanitar faciə, münaqişənin tezliklə nizamlanmasının regiondakı vəziyyətə göstərəcəyi təsir, ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi önəm, Azərbaycanda elm, təhsil, yüksək texnologiyalar sahələrində dövlət siyasəti barədə məlumat vermişlər. Çıxışlardan sonra natiqlər auditoriyanın çoxsaylı suallarını da cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi