Elmar Məmmədyarov: “2017-ci ilin əvvəlindən Azərbaycanla Avropa İttifaqı arasında intensiv danışıqlar başlayacaq”

Elmar Məmmədyarov: “2017-ci ilin əvvəlindən Azərbaycanla Avropa İttifaqı arasında intensiv danışıqlar başlayacaq” XİN başçısı: "Hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır"
Xarici siyasət
27 Dekabr , 2016 15:29
Elmar Məmmədyarov: “2017-ci ilin əvvəlindən Azərbaycanla Avropa İttifaqı arasında intensiv danışıqlar başlayacaq”

Bakı. 27 dekabr. REPORT.AZ/ "Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Hesab edirik ki, yeni sənəd təşkilatla ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq və əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək üçün hüquqi baza yaradacaq".

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır: "2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq".

XİN başçısı qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır: "2015-ci ildə Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqının mövqeyini bir daha ifadə edərək bildirmişdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Biz Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin bu il Azərbaycana səfəri zamanı keçirdiyimiz birgə mətbuat konfransında Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini açıq şəkildə bəyan etməsini yüksək qiymətləndiririk.

Avropa İttifaqının yeni qəbul edilmiş qlobal strategiyasında da dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasının Avropa düzəninin əsasını təşkil etdiyi vurğulanır və bu prinsiplərin Avropa İttifaqı daxilində və Avropa İttifaqının sərhədləri xaricində bütün dövlətlərə şamil olunduğu bildirilir".

E.Məmmədyarov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir: "2006-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradan bu sənəd ötən müddət ərzində tərəflər arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfələr verib".

Nazir qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafı üçün zəngin perspektivlər var: "Anlaşma Memorandumunun icrasının nəticəsi olaraq 2011-ci il yanvarın 13-də Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Təbii qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan bu əhəmiyyətli layihənin fəaliyyətə başlaması ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan uzunmüddətli dövr ərzində Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi