Yuxarı

Elmar Məmmədyarov: "Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin etimadını qazanıb"

​Məmmədyarov: "Azərbaycan Qoşulmama Hərəkatının etimadını qazanıb"

"Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Hərəkatımız siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasının açılış mərasimində deyib.

"Tarix boyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynamışdır. Soyuq müharibənin sonu Hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmamış, əksinə artan çağırışlar fonunda əhəmiyyətini artırmışdır. Bu gün qarşımızda duran əsas vəzifə, yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan Hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə Hərəkatın rolunu aktivləşdirməkdən ibarət olmalıdır", - E.Məmmədyarov bildirib.

Sədrliyi dövründə təşkilatın inkişafına verdiyi töhfəyə görə Venesuela hökumətinə təşəkkür edən və eyni zamanda, bundan sonra təşkilata Azərbaycanın sədrlik edəcəyini xatırladan nazir bildirib ki, Azərbaycan bu ana qədər təşkilata qoşulmuş son ölkədir: "Azərbaycan Respublikası Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında Hərəkatın tamhüquqlu üzvü oldu. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik.. Azərbaycan müstəqil siyasət yürüdür və hərbi təşkilatlara daxil olmayıb, demokratiya və insan hüquqlarını müdafiə edir".

O, həmçinin qeyd edib ki, təşkilatın fəaliyyəti çərçivəsində gənclər siyasəti də vacibdir: "Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Sabah bizim görüşümüzə paralel olaraq keçiriləcək Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirəcək. İki gün davam edən müzakirələrin nəticəsi olaraq, onlar Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 18-ci Zirvə görüşünə tövsiyələr verəcəklər. Əminik ki, Gənclər Zirvəsi nəticəsində qurulacaq, qeyri-hökumət təşəbbüsü olan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının bütün fəaliyyətinə gənclərin dəyərli dəstəyini verəcək.

Qoşulmama Hərəkatına üzv dövlətlərinin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat daxilində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə vacibdir. Bundan əlavə, enerji təhlükəsizliyi, ətraf mühit, səhiyyə, əmək kimi sahələrdə əməkdaşlığın təşviqi və bu məqsədlə Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının BMT çərçivəsində təşviqi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal iştirak edir və hazırda Cənub-Qərb nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Bir çox Qoşulmama Hərəkatına üzv dövlətinin bu üç dəhliz boyunca coğrafi yerləşməsi Hərəkat üzvləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına kömək edə bilər.

Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bu sahədə zəngin və ən yaxşı təcrübəsi ilə Azərbaycan, Hərəkatımızın prioritet istiqamətlərindən olan mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətində səylərini davam etdirməkdə qərarlıdır".

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi