Meksika səfirliyinin konsulluq şöbəsi Azərbaycan vətəndaşlarına viza verilməsinə başlayıb

Meksika səfirliyinin konsulluq şöbəsi Azərbaycan vətəndaşlarına viza verilməsinə başlayıb Səfir: "Turist vizası əldə etmək üçün iki-üç gün bəs edəcək"
Xarici siyasət
29 Noyabr , 2016 13:37
Meksika səfirliyinin konsulluq şöbəsi Azərbaycan vətəndaşlarına viza verilməsinə başlayıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Meksikanın Bakıdakı səfirliyinin konsulluq şöbəsi Azərbaycan vətəndaşları üçün viza verilməsinə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Meksika səfiri Rodriqo Labardini jurnalistlərə açıqlamasında bildirib.

"Turizm Azərbaycan və Meksika da daxil olmaqla bütün ölkələr üçün vacib sektordur. O, iqtisadi inkişafa təsir edir. Viza verilməsi ölkələrimizin inkişafında mühüm elementdir", - deyə R.Labardini vurğulayıb.

Onun sözlərinə görə, hər il 32 milyon turist Meksikanı ziyarət edir və turist axınına görə ölkə dünyada doqquzuncu yerdə qərarlaşıb.

Səfir konsulluq şöbəsinin 2015-ci ilin sentyabr ayından fəaliyyət göstərdiyini qeyd edib.

R.Labardini səfirliyin bir sıra - biznes, tələbə, turist vizaları verdiyini və onların ölkədə qalmaq şərtləri və müddəti baxımından fərqləndiklərini vurğulayıb.

"Turist vizası əldə etmək üçün iki-üç gün bəs edəcək. Turist vizası birdəfəlik deyil və 6 ay müddətinə verilir. Vizanın haqqı 36 dollar təşkil edir. Ölkədə qalma müddəti Meksika Miqrasiya Xidmətinə gəldikdən sonra müəyyən edilir", - səfir bildirib.

O əlavə edib ki, Şengen və ya ABŞ vizası olduğu halda Meksika vizası almağa ehtiyac yoxdur.

Səfirin sözlərinə görə, ötən il 148 Azərbaycan vətəndaşı artıq Meksika olub və onlardan bəziləri yenidən ölkəyə səfər etməyə hazırdır. "Ölkəyə gələnlərin biometrik parametrlərinin qeydə alınması üçün lazım olan bütün zəruri avadanlığımız var", - R. Labardini bildirib.

Son xəbərlər

Orphus sistemi