Bakı. 26 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Sebastian katakombalarının sentyabrın 26-da açılışı olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Kardinal Can-Franko Ravazi Birinci vitse-prezident Mehriban Əliyevanı qarşılayıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı olub.
Birinci vitse-prezident Mehriban Əliyeva və Kardinal Can-Franko Ravazi rəmzi açılışı bildirən lenti kəsiblər.
Burada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2016-cı ildə başlanılıb. Görülən işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ifadə olunub. Bildirilib ki, bərpa işləri mükəmməl həyata keçirilib. Ümumilikdə, katakombalarda 8 minə yaxın sərdaba yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Katakombalar təbii və ya süni yeraltı məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları da bərpa olunub. Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə, ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.