MDU-nun dekanı: "ADR-in yaranması Şərq ölkələrində demokratik hərəkatların inkişafına müsbət təsir göstərdi" - MÜSAHİBƏ

MDU-nun dekanı: "ADR-in yaranması Şərq ölkələrində demokratik hərəkatların inkişafına müsbət təsir göstərdi" - MÜSAHİBƏ Moskva. 25 may. REPORT.AZ/ Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinin dekanı İvan Tuçkovun Reporta müsahibəsi:
Xarici siyasət
25 May , 2018 13:08
MDU-nun dekanı: ADR-in yaranması Şərq ölkələrində demokratik hərəkatların inkişafına müsbət təsir göstərdi - MÜSAHİBƏ
Report
0 : 00
0 : 00

Moskva. 25 may. REPORT.AZ/ Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinin dekanı İvan Tuçkovun "Report"a müsahibəsi:

- İvan İvanoviç, Rusiyanın rəsmi tarix elmində ADR-in yaranması hadisəsi necə işıqlandırılır?

- Əvvəla qeyd etmək istərdim ki, ADR-in yaranması, şübhəsiz, müsbət hal idi. Müsəlman dünyası tarixində ilk dəfə demokratik respublika yaradıldı, dövlət strukturlarının fəaliyyəti Şərq ölkələrində respublika ideyalarının və demokratik hərəkatların inkişafına müsbət təsir göstərdi. Eyni zamanda, son vaxtlara qədər ADR-in tarixi birtərəfli şərh edilirdi: Sovet dövründə elmi əsərlərin əksəriyyətində 1918-20-ci illərdə Rusiya-Azərbaycan münasibətləri regionun tədricən bolşevikləşməsi prizmasından nəzərdən keçirilir, ADR-in mövcudluğu isə diqqətə alınmırdı. Müxtəlif siyasi hərəkatların mövqelərini anlamaq, ADR hökumətinin və parlamentinin fəaliyyətini qərəzsiz qiymətləndirməyə cəhd belə edilmirdi.

Ümumi tarixə belə laqeyd münasibətin məntiqi nəticəsi olaraq ADR və RSFSR arasındakı əlaqələr çox zəif şəkildə öyrənilib. Eyni zamanda, etiraf etmək lazımdır ki, Azərbaycanda milli-dövlət quruluşu həmçinin Rusiya amilinin iştirakı ilə həyata keçirilib. Azərbaycanın - əvvəlcə burjua-demokratik, daha sonra isə sosialist respublika kimi formalaşması Rusiya və Azərbaycan xalqlarının bir əsrdən artıq birgə yaşayış təcrübəsi ilə hazırlanmışdı. XIX əsrin ortalarından etibarən Azərbaycan elitası Azərbaycan mədəniyyəti və incəsənətinin, ədəbi dil və jurnalistikanın inkişafının, milli özünüdərkin yüksəlməsinin katalizatoru oldu. Azərbaycan etnosun Rusiya daxilində yaşamasının və inkişaf etməsinin gözlə görünən müsbət nəticələri Şərqdə qadınlar üçün ilk təhsil müəssisəsinin (1847) Bakıda açılması, yeni Azərbaycan əlifbasının (1873), milli teatr və dramaturgiyanın (1873) yaradılması oldu. Çox az adam bilir ki, tarixdə ilk Rusiya operettası Azərbaycan əsəsrinin əsasında səhnələşdirilib: 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasının tələbəsi Üzeyir Hacıbəyov "Arşın mal alan" operattasını səhnələşdirib və o, qısa zamanda həm Rusiyada, həm də Avropada məşhur olub.

Rusiyanın intellektual və siyasi həyatında azərbaycanlıların fəal iştirakının ideoloji-siyasi nəticəsi olaraq 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətində liberalizm və sosializm yaranıb. Bu işdə "Hümmət" Partiyasının - bütün müsəlman dünyasında ilk sosial-demokrat partiyasının rolu vurğulanmalıdır. Bu yeni cərəyanlar "pantürkizm" və "panislamçılıq"la yanaşı, ADR dövründə milli dövlətçilik ideologiyasının əsasını təşkil edib.

- 1918-ci ildə inqilab baş verən Rusiyada müstəqil Azərbaycanın yaranmasını necə qəbul etdilər?

- ADR-in yaranması kifayət qədər qeyri-sakit dövrə təsadüf etdi və bu gənc respublikanın qarşılaşdığı problemlərin çoxluğu da bununla bağlıdır. Rusiyada imperiyadan ayrılan yeni dövlətlərin yaranması birmənalı qəbul edilmirdi. Ağ qvardiyaçıların düşərgəsində fikir ayrılıqları olsa da, onların hamısı vahid və bölünməz Rusiya mövqeyindən çıxış edirdi. "Qırmızılar" isə formal olaraq xalqların öz müqəddəratını təyin etmək hüququnun tərəfdarı kimi çıxış etsələr də, yeni burjua-demokratik respublikaları tanımağa tələsmirdilər.

Digər tərəfdən, Dördlü İttifaq ölkələri, eləcə də Antanta müttəfiqləri yeni respublikaların müstəqilliklərini yalnız Rusiyanın zəifləməsi üçün vasitə kimi görürdü. Bakı nefti amili də əhəmiyyətli dərəcədə təsir göstərirdi. Belə ki, 1918-ci il avqustun 27-də Almaniya və RSFSR arasında imzalanan Brest-Litovsk sülh müqaviləsinin əlavə protokoluna əsasən, Bakının neft və neft məhsullarının 1/4 hissəsinin Berlinin ehtiyaclarını təmin etmək üçün istifadəsi qarşılığında Bakı şəhəri Sovet Rusiyasının tərkibində qalırdı. Bu isə təbbi ki, Sovetlərin elan etdiyi öz müqəddəratını təyin etmək prinsipinə zidd idi, Azərbaycan xalqının öz taleyi barədə sərbəst qərar vermək hüququ nəzərə alınmırdı. General Tompsonun başçılıq etdiyi Britaniya administrasiyası isə daha da irəli getdi: onlar bütün Zaqafqaziyanı Sovet Rusiyası ilə mübarizə üçün bazaya çevirmək, eyni zamanda, yeni yaranmış respublikaların müstəqilliyini zəiflətmək, Bakı nefti və regionun digər zənginliklərini ələ keçirmək istəyirdi. Zaqafqaziyada olarkən İngiltərə komandanlığı milli-ərazi münaqişələrini dəstəkləyirdi. Britaniyanın "bölüşdür və hökmranlıq elə" siyasəti, təəssüf ki, bu bölgədə uğurla həyata keçirildi.

- Rusiya ilə Azərbaycan arasındakı müasir əlaqələr tarix elmi baxımından necə qiymətləndirilir? Keçmişin səhvləri nəzərə alınırmı?

- Tarix öz metod və təcrübəsi olan elmi nizam-intizamdır. Tarixi bilərək əvvəlki təcrübədən yararlanıb gələcəyə gələ bilərik. "Həqiqət ondadır ki, tarix heç nəyi öyrətmir" kimi deyim var. Amma bəlkə o, bizim öyrənmək istəməməyimizə görə öyrətmir?! Öyrənmək həmişə çətindir və insan heç də həmişə çətin yolu seçmir.

Həqiqi elmdən danışarkən onun müəyyən maraqlarının olduğunu başa düşmək vacibdir. Tarix elminə maraq müəyyən dövrdə yaranır. Bu gün Rusiyada Azərbaycanla əlaqələrin tarixini, onun mədəniyyətini, ənənələrini və dilini öyrənmək üçün ictimai-sosial sifariş var. Bütün bunlar rusların yaxın qonşu və mehriban dost kimi Azərbaycana olan ümumi maraqlarından irəli gəlir. Fakültəmizdə "Yaxın xarici ölkələrin tarixi" kafedrasına daxil olan Azərbaycanın tarixi, Rusiya-Azərbaycan əlaqələrinin tarixi ilə məşğul olan xüsusi bir istiqamət var. Təsəvvür edin ki, Rusiyanın əsas universitetində etnik azərbaycanlılar ruslara Azərbaycan dili, tarixi və mədəniyyətindən dərs deyirlər! Bu, artıq özü-özlüyündə əlaqələrimizin səviyyəsinin göstəricisidir.

Son xəbərlər

Orphus sistemi