Bakı. 7 aprel. REPORT.AZ/ MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti toplantısı bu il oktyabrın 10-da Moskvada keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Bu qərar şuranın Daşkənddə keçirilən növbəti iclasında qəbul edilib.
Məlumata görə, görüşdə 15 məsələ müzakirə olunub.
Şuranın iclasında MDB ölkələrinin xarici işlər nazirlərinin islam, xristian və digər dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilik və dözümsüzlüyün yolverilməzliyi barədə bəyanat qəbul edilib.
İclasda eyni zamanda hüquq, qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması kimi sahələrdə MDB dövlətləri arasında əməkdaşlıq ilə bağlı məsələlər də müzakirə olunub.
Qeyd edək ki, şuranın iclasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.
Xatırladaq ki, MDB-yə üzv dövlətlərin başçılarının zirvə toplantısı 2017-ci ilin oktyabr, hökumət başçılarının iclası isə may aylarında keçiriləcək.